Vensdən sonra Tramp da Bakıya gəlir? – Şeyxülislamdan diqqət çəkən MESAJ
14:05 Siyasət2026-cı ilin fevral ayı indidən Azərbaycan diplomatiyası və xarici siyasəti üçün olduqca məhsuldar sayıla bilər. Belə ki, bir gün fərqlə iki mühüm səfər baş tutdu.
Öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər etdi, fevralın 9-da Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşdü. Fevralın 10-da isə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər etdi.
Dediyim kimi, cəmi bir gün ara ilə iki fərqli səfərin şahidi olduq. Hər iki səfər zahirən müxtəlif görünsə də, Bakının nəzərində ortaq, incə bir strateji xəttin davamıdır. Söhbət Roma Papası XIV Leo və ABŞ Prezidenti Donald Trampın Azərbaycana mümkün səfərindən gedir.
Həm baş tutan iki səfər kontekstində, həm də real səbəblər baxımından adını çəkdiyim iki şəxsin Bakıya gəlməsi mümkündür. Xüsusilə Roma Papası XIV Leonun Azərbaycana səfəri daha real görünür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Vatikan əlaqələri Bakı üçün hər zaman mühüm olub. Hətta Papa II İohann Pavel 2002-ci ildə ölkəmizə rəsmi səfər də etmişdi. Prezident İlham Əliyev də Azərbaycan-Vatikan əlaqələrinin inkişafını prioritet hesab edib və mövcud xətti davam etdirib. Bunun nəticəsi kimi Papa Fransisk də 2016-cı ildə Azərbaycana gəlib, Bakıda bir sıra rəsmi və dini görüşlər keçirib.
İndiki məqamda Bakı üçün Roma Papası XIV Leonun Azərbaycana səfəri mühüm hədəfdir. Təsadüfi deyil ki, Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Roma Papası XIV Leo ilə görüşü zamanı Prezident İlham Əliyevin adından onu ölkəmizə səfərə dəvət edib.
Əslində Roma Papası XIV Leonun səfəri üçün real səbəb də var. Belə ki, Prezidenti İlham Əliyevin 2024-cü il 1 may tarixli Sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsində Katolik Kilsəsi tikilir. Kilsə II İohann Pavelə həsr olunub. Yuxarıda da qeyd etdiyim kimi, II İohann Pavel Azərbaycana gələn ilk Roma Papası olub. Yəni Roma Papası XIV Leo II İohann Pavelə həsr edilən kilsənin açılışında iştirak edə bilər. Açılışın vaxtı hələlik bəlli deyil. Lakin Papanın kilsənin açılışı zamanı ölkəmizə səfər etməsi ən mümkün ssenaridir.
Roma Papası XIV Leonu Bakı üçün mühüm edən spesifik bir detal da var. O, ABŞ-dan seçilən ilk Roma Papasıdır. Artıq heç kəsə sirr deyil ki, onun Papa seçilməsində ABŞ Prezidenti Donald Trampın da xüsusi dəstəyi və istəyi olub. Bu mənada Roma Papası XIV Leonun səfəri həm də Donald Trampın səfəri üçün növbəti bir zəmin ola bilər.
Fikrimcə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri həm də Trampın səfəri öncəsi bir növ kəşfiyyat və dəyərləndirmə mahiyyəti daşıyır. Prinsipcə, vitse-prezidenti qarşılayıb layiqincə yola salan bir ölkə rahatlıqla ABŞ prezidentini də qəbul edə bilər.
Hər halda Donald Trampın səfərinin hakimiyyəti müddətində baş tutması mümkündür. Məsələn, ABŞ prezidentinin yekun sülh sazişinin imzalanmasından sonra Bakıya gəlməsi gözləniləndir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı