Zatulin: "ABŞ Qafqazda Rusiyanın maraqlarını mənimsəyir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin, Ermənistan və ABŞ arasında mülki nüvə enerjisi sahəsində imzalanan 9 milyard dollarlıq sazişi kəskin tənqid edib. O, bu addımı Rusiyanın regiondakı təsirinə qarşı birbaşa hücum kimi qiymətləndirib.

Zatulin qeyd edib ki, ABŞ-nin regionda mövqeyini gücləndirməsi yalnız Rusiyanın maraqlarının sıxışdırılması hesabına mümkündür. Deputat 1990-cı illərdə Ermənistanda yaşanan enerji böhranını və Metsamor AES-in Rusiya sayəsində yenidən işə salındığını xatırladıb: "O vaxt qaranlığa qərq olan İrəvanı Rusiya xilas etdi, indi isə Paşinyan "Rosatom"dan üz döndərib amerikalılara üstünlük verir".

Zatulin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin bölgəyə (Ermənistan və Azərbaycana) səfərini "Alyaskada olduğu kimi özünə pay ayırmaq" cəhdi adlandırıb. O, Azərbaycanın da bənzər strateji xətt izlədiyini iddia edib.

"Bu, bizim maraqlarımıza, təsirimizə və perspektivlərimizə hücum deyilmi? Əlbəttə, elədir," - deyə Zatulin vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31