Vardanyan Bakıdan ermənilərə elə bir mesaj verdi ki… – Məhkəmənin bilinməyənləri
13:20 SiyasətErmənistan vətəndaşı Ruben Vardanyanın məhkəmədə son sözündə Azərbaycan poeziyasına istinad etməsi diqqət çəkib. Təqsirləndirilən şəxs konkret ittihamlarla bağlı danışmaq əvəzinə ümumi fikirlər səsləndirib və bildirib ki, saxlanıldığı iki ildən artıq müddətdə Azərbaycan ədəbiyyatını kəşf edib. Daha maraqlı məqam isə onun çıxışında Məhəmməd Füzulinin şeirindən və Hüseyn Cavidin poemasından parçanı rus dilində səsləndirməsi olub.
Bu, səmimi maraqdır, yoxsa psixoloji jest? Məhkəmə zalında Azərbaycan poeziyasına müraciət nəyə işarədir?
Globalinfo.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, bir ildən artıq müddətdir Bakı Hərbi Məhkəməsində müharibə cinayətlərində təqsirləndirilən şəxslər üzərində aparılan məhkəmə prosesi son 30 ildə törədilmiş əməlləri, antikonstitusion cəhdləri və bəşəri cinayət ittihamlarını əhatə edir:
"Lakin mahiyyət etibarilə bu proses son üç əsrdə xalqımızın üzləşdiyi hadisələrdir. O mənada çıxarılan hökmlər və Ruben Vardanyan üzərində aparılan məhkəmə araşdırması Vətən müharibəsində qələbəmizin birbaşa nəticəsi və davamıdır. Bu, şəhidlərimizin, məcburi köçkünlərimizin və bütövlükdə millətimizin hüquqi iradəsinin təntənəsi kimi qiymətləndirilməlidir. Ordu və silahlı qüvvələr səngərdə düşmənə layiqli cavab verdiyi kimi, hüquq müstəvisində də addımlar elə atılmalıdır ki, onların nəticələri beynəlxalq miqyasda qəbul olunsun. Nə qədər etiraz edənlər olsa da, bu proses ətrafında Azərbaycanın qələbəsini hər hansı təftişə məruz qoymaq mümkün olmasın. Hüquq-mühafizə orqanlarımızın son 30 ildə baş vermiş etnik təmizləmə və hərbi cinayət faktlarını sistemli şəkildə toplayaraq məhkəməyə təqdim etməsi, ittihamların peşəkar əsaslarla formalaşdırılması, həmçinin medianın, ekspert cəmiyyətinin və hüquqları pozulmuş yüz minlərlə insanın hüquqi təmsilçiləri nifrət nitqinə yol vermədən qanun çərçivəsində davranması xalqımızın sarsılmaz iradəsini məhkəmə salonlarında da nümayiş etdirdi. Bu, gələcəkdə Azərbaycan dövlətinə və torpaqlarına qarşı hər hansı qəsd niyyəti olanlara ciddi mesajdır".
Deputat bildirib ki, burada təhlükəsizlik qüvvələrinin fəaliyyəti də xüsusi qeyd olunmalıdır:
"Onlar yüksək peşəkarlıq göstərərək, qeyri-insani davranışlara yol vermədən, ciddi təhlükəsizlik tədbirləri ilə prosesin şəffaf və sabit şəkildə keçirilməsini təmin etdilər. Bu, mühüm nəticədir. Məhkəmə keçirilən günlərdə Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın ərəb dünyasının Nobel sülh mükafatına layiq görülməsi özlüyündə elə Bakıda gedən bu prosesə sanki digər bir platformadan verilən cavabdır. Ali Baş Komandan İlham Əliyevin qələbəmizi qlobal miqyasda tanıtması və legitimliyini qəbul etdirməsi artıq nobellərin qazanılması ilə nəticələnir və bu, həm də müharibə cinayətlərində təqsirləndirilən şəxslərə verilən növbəti bir cəzadır".
Zahid Orucun sözlərinə görə, Ruben Vardanyanın şəxsiyyəti və fəaliyyəti ayrıca diqqət tələb edir:
Millət vəkili qeyd edib ki, Vardanyan məhkəmədəki çıxışı ilə sanki bir yardım diləyir:
"Vardanyanın son söz əvəzi olaraq Azərbaycan xalqının mədəni və mənəvi həssasiyyətlərinə toxunaraq Məhəmməd Füzulidən, Hüseyn Caviddən sitatlar gətirməsi müəyyən mənada xalqımız qarşısında bir əfv diləyi çağırışıdır. Onun separatizm və digər cinayətlərdə ittiham olunan şəxslərdən fərqli olaraq millətimizdən müəyyən qədər humanistlik, bağışlanma diləyini görməmək mümkün deyil. Digər tərəfdən, sülh prosesi geri dönməz xarakteri alır. Ruben Vardanyanı himayə edən dairələrin özləri belə ABŞ və Azərbaycanın 8 avqust 2025-ci ildə Ağ Evdə imzalanan və vitse-prezident Ceyms Vensin gəlişi ilə daha da irəliyə gedən prosesə qoşulmağa çalışırlar. Vardanyan maksimum dərəcədə düşünür ki, onun Qərbdəki himayədarları, onu ikili agent kimi dəstəkləyərək, ona mesaj verir ki, "Bu yolla həm xarici qüvvələr arasında tərəfdarlarını artıra, həm də sülh təşəbbüslərində iştirak edə bilərsən". Ədalət mühakiməsi isə əslində özlüyündə sülhə xidmət edir. Biz bütün bu proseslərin düşmənçilik və qisas məqsədi daşımadığını, əksinə, gələcək təhlükəsizliyin təmin olunmasına yönəldiyini vurğulayırıq. Bu səbəbdən nifrət nitqinə heç vaxt yol verilmədi və bu gün media məkanında Azərbaycan insanları öz çıxışlarını məhz məhkəmənin verdiyi qərarlar əsasında qururlar".
Z.Orucun fikrincə, Vardanyan öz azsaylı tərəfdarlarına mesaj verir ki, siz də Hüseyn Cavidi, Məhəmməd Füzulini və digər Azərbaycan mütəfəkkirlərini öyrənin və xalqla birgəyaşayışa çalışın:
"Onsuz da o, keçmiş dövrdə Türkiyə və Azərbaycanla müxtəlif iqtisadi-ticarət əlaqələri qurmağa can atıb və müəyyən fəaliyyətlər həyata keçirib. Hətta şirkətləri müəyyən dövrdə gizli adlarla ölkəmizə girişə cəhd etmişdi. Kaş, Vardanyan sözünü 2020-ci ildə, Şuşa zəfərindən sonra xalqa müraciət şəklində çatdırardı. Deyərdi ki: "Razdan Meydanından "Ocaq" kitablarını oxuyaraq savaşın və düşmənçiliyin gətirdiyi 30 illik məhrumiyyətləri, xüsusilə azərbaycanlıların çəkdiyi zülmləri, itkilərin yaşamasını görün, dayanın və bir daha konfliktlərə girməyin. Azərbaycanın bütövlüyünü və Konstitusiyasını tanıyın, bundan sonra qanun çərçivəsində hərəkət edin". Belə bir mövqe Vardanyana fərqli ictimai münasibət yaradardı".
Müsahibimiz bildirib ki, indiki vəziyyətdə Ruben Vardanyanın etdiyi sanki cəzadan yayınmaq üçün atılan addımlardır:
"Fikrimcə, onun xalqına çağırışı cəmiyyətimizə artıq Ermənistandakı sülh tərəfdarlarına Vardanyanın da qoşulduğunu göstərərdi. Bu adamlar ilk növbədə işğalçılıq siyasətindən və xalqımıza qarşı zorakılıqdan imtina etsəydilər, bu, onlar üçün daha böyük azadlıq və sülh üçün zəmin yaradardı. Bölgəyə Prezidentin liderliyi ilə gətirilməsi istənilən barış təşəbbüsü, nəinki Qafqaza, eləcə də bütün dünyaya yayılardı. Biz həqiqətən də sülhün "ixracatçısı" olardıq və bu prosesdən ermənilər də fayda götürər, bölgə çiçəklənərdi. Ona görə də Vardanyanın hazırkı yanaşması, yalnız ədəbi prozalara müraciət etməsi onun xoş məramını əks etdirmir. Əksinə, sanki əməllərinin yalnız örtüyü və libası kimi çıxış edir".