Prezident: Azərbaycan həmişə Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyib
13:14 SiyasətAzərbaycan həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyib.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu dedi.
Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunuldu. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirdi, hazırda onların bərpa olunduğunu qeyd etdi.