Xartiya gələcəyə yönəlmiş mühüm yol xəritəsidir- ÖZƏL
13:10 Siyasət"Dünən imzalanmış "Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası" ölkəmizin beynəlxalq mövqeyinin və regional rolunun yeni səviyyəyə yüksəlməsinin mühüm göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Sənəd bir daha təsdiq edir ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın strateji nəqliyyat, logistika və rəqəmsal mərkəzlərindən birinə çevrilir. Xartiyada Orta Dəhlizin inkişafı, regional bağlantılılığın gücləndirilməsi, ticarət və investisiya axınlarının artırılması kimi prioritetlərin açıq şəkildə vurğulanması ölkəmizin uzunmüddətli iqtisadi strategiyası ilə tam uzlaşır.
Sənəddə xüsusilə diqqət çəkən məqamlar bunlardır: ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstəyi; Transxəzər Nəqliyyat Dəhlizinin qlobal ticarət üçün əsas marşrut kimi tanınması; süni intellekt, rəqəmsal infrastruktur və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi; kibertəhlükəsizlik və yüksək texnologiyalar üzrə birgə təşəbbüslərin nəzərdə tutulması.
Bu sənəd iqtisadi əməkdaşlığı yalnız ənənəvi sahələrdə deyil, gələcəyin iqtisadiyyatı olan rəqəmsal texnologiyalar, AI və innovasiyalar istiqamətində də yeni mərhələyə daşıyır. Eyni zamanda, özəl sektorun prosesə cəlb edilməsi Azərbaycanın biznes mühitinə beynəlxalq etimadın güclənməsi deməkdir.
Bir sözlə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyini möhkəmləndirən, yeni investisiya və inkişaf imkanları açan, gələcəyə yönəlmiş mühüm yol xəritəsidir".