Yaxın günlərdə Bakıda Azərbaycan-İran birgə dövlət komissiyasının iclası keçiriləcək

Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclası bütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinə və mövcud layihələrin icrasına müsbət töhfə verəcəkdir.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafından bəhs edərkən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşər.

Mustafayev deyib ki, Prezidentlərin tapşırıqlarının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində - xüsusilə də nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və digər istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir.

"Bu layihələrdən bəziləri hazırda icra mərhələsində, bəziləri tamamlanmaq üzrədir və bəziləri artıq icrası başa çataraq istifadəyə verilib. Prezident Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumunda Prezidentlərin iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyük əhəmiyyəti açıq şəkildə əks etdirir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan-İran münasibətlərinin strateji istiqamətlərindən biridir," - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31