Vaşinqtonun diqqəti Bakıya yönəlir – Cənubi Qafqazda geosiyasi dönüş - ÖZƏL
19:07 Siyasət"Vensin Azərbaycana səfərini Cənubi Qafqaz geosiyasətində baş verən dəyişikliklərin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Əlbəttə, Vens və ya ABŞ-ın digər dövlət katibləri bu regiona tez-tez səfər etmirlər. Bu səfər, ilk növbədə, regionda, xüsusilə Azərbaycanın həyata keçirdiyi və ABŞ-ın diqqətini cəlb edən bir sıra siyasi istiqamətlərlə bağlıdır."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Vensin səfəri onu göstərir ki, Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz siyasətində rolu dəyişməkdədir. Eyni zamanda, ABŞ-ın özünün də Cənubi Qafqaz siyasətində ciddi transformasiya müşahidə olunur. Bu qarşılıqlı dəyişiklik Vaşinqtonu bölgədə yeni tipli siyasət yürütməyə vadar edir.
Doğrudur, proseslərin başlanğıcı avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərlə bağlıdır. Lakin həmin sənədlər özlüyündə bölgədə yeni mərhələ açmaq üçün kifayət etməzdi. Onlar yalnız müharibədən sonra formalaşmış yeni reallıqlar fonunda yeni səhifənin açılmasını şərtləndirdi. Əgər regionda müharibə vəziyyəti davam etsə, Azərbaycan-Ermənistan münaqişəsi həll olunmamış qalsaydı, yeni siyasi mərhələnin yaranması mümkün olmazdı.
ABŞ-ın Cənubi Qafqaz siyasəti uzun müddət ziddiyyətli olub. Müxtəlif administrasiyalar bir tərəfdən erməni lobisinin təsiri altında Ermənistanı daha çox dəstəkləyir, digər tərəfdən isə Gürcüstanı regionda "demokratiyanın aparıcı ölkəsi" kimi önə çıxarırdı. Bu yanaşma nəticəsində Azərbaycana münasibətdə ikili standartlar müşahidə olunur, insan haqları mövzusu siyasi təzyiq aləti kimi istifadə edilirdi.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda tamamilə yeni vəziyyət yaratdı. ABŞ-da da anlaşıldı ki, yalnız Ermənistanı və ya Gürcüstanı prioritet saymaqla bölgədə dayanıqlı nəticə əldə etmək mümkün deyil. Bu gün Ermənistanın geosiyasi və iqtisadi baxımdan çətin vəziyyətdə olduğu, Gürcüstanın isə zahirən müstəqil siyasət yürütməsinə baxmayaraq, müxtəlif təsir mərkəzləri arasında balans axtardığı görünür. Bu reallıqlar ABŞ-ın əvvəlki yanaşmasının effektiv olmadığını göstərir.
Belə şəraitdə ABŞ üçün ən rasional seçim regionda Azərbaycanın apardığı sülh siyasətinə dəstək verməkdir. Məhz buna görə Vensin Azərbaycana səfərini bundan sonra Vaşinqtonun bölgədə sülh proseslərinə daha fəal və birbaşa dəstək vermək niyyətinin göstəricisi kimi dəyərləndirmək olar.
ABŞ anlayır ki, Cənubi Qafqazda münaqişə riskləri qaldıqca region xarici təsirlərə, xüsusilə Rusiyanın geosiyasi təsirinə açıq qalır. Bu təsirləri zəiflətməyin əsas yolu isə davamlı və möhkəm sülhün təmin olunması, sülh sazişinin imzalanmasıdır. Bu baxımdan Vaşinqtonun Azərbaycanla münasibətləri gücləndirməsi strateji zərurət kimi çıxış edir.
Beləliklə, Vensin səfərini ABŞ-ın Azərbaycana münasibətində keyfiyyətcə yeni mərhələnin təzahürü saymaq olar. Eyni zamanda bu, Vaşinqtonun region siyasətini gələcəkdə daha çox Azərbaycanla uzlaşdırmağa çalışacağının göstəricisidir. Bu kursun nə qədər davam edəcəyini dəqiq söyləmək çətin olsa da, mövcud siyasi şəraitdə ABŞ administrasiyasının bu istiqamətdə hərəkət edəcəyi ehtimalı yüksək görünür."
İbrahim Məmmədli