Azərbaycanda sosial şəbəkələrə məhdudiyyət müzakirəsi: Səbəblər və gözləntilər - ÖZƏL
18:23 Siyasət"Azərbaycan parlamentində sosial şəbəkələrə yaşla bağlı giriş məhdudiyyətlərinin tətbiqi məsələsi uzun müddətdir ki, cəmiyyətdə rəsmi olmasa da, qeyri-rəsmi şəkildə müzakirə olunur. Çünki bu problem artıq dünyanın bir çox ölkələrində aktual mövzuya çevrilib. Sosial şəbəkələrin insan həyatına geniş şəkildə daxil olması bu məsələni daha da aktuallaşdırıb."
Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:
"Artıq sosial şəbəkələr istəsək də, istəməsək də həyatımızın ayrılmaz hissəsinə çevrilib və həm müsbət, həm də mənfi təsirlər göstərir. Özünü dərk edən, baş verən prosesləri məntiqi şəkildə təhlil edib nəticə çıxara bilən insanlar üçün sosial şəbəkələrdən istifadə normal qəbul edilə bilər. Hətta bir çox hallarda bu platformalar işlərimizi asanlaşdırır, ünsiyyəti və məlumat əldə etməyi sürətləndirir.
Lakin təəssüf ki, cəmiyyətin bütün üzvləri, xüsusilə azyaşlılar və yetkinlik yaşına çatmayan şəxslər sosial şəbəkələrdə baş verən prosesləri tam məsuliyyətlə dəyərləndirmək və adekvat reaksiya vermək qabiliyyətinə malik olmurlar. Xüsusilə 16 yaşdan aşağı şəxslərin təcrübəsizliyi və psixoloji həssaslığı onları müxtəlif mənfi təsirlərə daha açıq edir.
Bu baxımdan bir çox ölkələrdə sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti tətbiq olunur. Əslində, sosial şəbəkələr olmadan da insanlar normal həyat tərzi sürə bilmiş, ciddi çətinliklərlə üzləşməmişdir. Doğrudur, bu platformalar müəyyən rahatlıqlar yaradır, lakin mənfi tərəfləri də nəzərə alınmalıdır.
Nəzərə alsaq ki, 16 yaşına çatmayan şəxslər əsasən valideyn və ya onları əvəz edən şəxslərin himayəsində yaşayırlar, onların sosial şəbəkələrdən istifadəsinin zəruriliyi o qədər də yüksək deyil. Əgər ailədə yetkin şəxslərin bu imkanlardan istifadə etməsi mümkündürsə, yetkinlik yaşına çatmayanların bu prosesdən kənarda qalması ciddi problem yaratmaz. Əksinə, bu, onların müxtəlif təhlükəli təsirlərdən qorunmasına kömək edə bilər.
Dünyanın bir sıra ölkələrində artıq tətbiq olunan və qanunvericilikdə öz əksini tapan yaş məhdudiyyətinin Azərbaycanda da müzakirə olunması mümkündür. Bu addımın əsas məqsədi formalaşmaqda olan gənc nəslin sağlam inkişafını təmin etmək, onların təhsilə və şəxsi inkişafına daha çox diqqət ayırmasına şərait yaratmaqdır.
Hazırda müzakirə mərhələsində olan belə bir limit gələcəkdə qanunvericiliyə daxil edilərsə, bunun insanların həyatına ciddi mənfi təsir göstərəcəyini düşünmürəm. Əksinə, bu, yetkinlik yaşına çatmayanların daha sağlam, balanslı və məqsədyönlü şəkildə böyüməsinə müsbət təsir göstərə bilər. Bu baxımdan həmin təşəbbüsü müsbət addım kimi qiymətləndirmək olar."
İbrahim Məmmədli