Pezeşkianın "yumşalma" strategiyası: İranda ritorika dəyişir? – ÖZƏL
16:58 Siyasətİran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin son iclasında rəsmi şəxsləri və media qurumlarını qonşu ölkələrə qarşı ritorikanı yumşaltmağa çağırıb. Pezeşkian vurğulayıb ki, region ölkələri ilə problemlər təhqir yox, dialoq yolu ilə həll edilməlidir.
Daha öncə Kamal Xərrazinin İranın xarici siyasət səhvləri ilə bağlı etirafından sonra, Pezeşkianın bu çağırışı Tehranda "yumşalma" siqnalı kimi qiymətləndirilir.
Zaman-zaman SEPAH-a yaxın media resurslarında Azərbaycanla və yerli media ilə bağlı sərt yazılar dərc olunur. Bu materiallarda ölkənin xarici siyasəti, regional proseslər və təhlükəsizlik məsələləri fonunda ittihamlar yer alır.
Prezidentin bu xəbərdarlığı SEPAH-a yaxın medianın və radikal qanadın Azərbaycana qarşı təhdid dolu yazılarını dayandıra biləcəkmi? Pezeşkianın bu çağırışı sadəcə diplomatik manevrdir, yoxsa?
"Pezeşkianın bu çağırışı zəruri və vaxtında edilmiş bir çağırışdır. Çünki Pezeşkian fərqindədir ki, SEPAH-a yaxın olan kanallar, eləcə də dini liderin ətrafında olan bəzi şəxslərin açıqlamaları müəyyən mənada region dövlətlərini narahat edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu açıqlamalarda bəzən təhdidlər, bəzən eyhamlar, bəzən isə açıq hədə-qorxular yer alır. Yəni bu təcrübə mövcuddur və söhbət təkcə Azərbaycandan getmir, regionun digər dövlətlərinə qarşı da zaman-zaman səliqəsiz, bəzən isə aqressiv və şər-böhtan xarakterli açıqlamalar, hətta ritorik "yanaşmalar" müşahidə olunur. Pezeşkian bütün bunları nəzərə alaraq bu mövqeni ifadə edir. Ola bilsin ki, o, Azərbaycana və Türkiyəyə daha diqqətli və daha rəğbətli yanaşır. Amma prezidentin bu yanaşması bütövlükdə siyasi sabitliklə bağlı bir xəbərdarlıqdır. Çünki onsuz da düşmənlər var, onsuz da ciddi problemlər mövcuddur. İran İsrail və ABŞ ilə faktiki olaraq üz-üzədir, qarşıdurma vəziyyətindədir və hər an hər şey baş verə bilər.
Ekspert qeyd edib ki, belə bir şəraitdə, üstəlik qonşuları incitmək, qonşu dövlətlərə qarşı təhdidedici dil işlətmək, əlbəttə ki, İran üçün zərərli bir yanaşmadır. Bundan başqa, bu cür davranış siyasi etika baxımından da qəbulolunan deyil. Axı kimə haqq verilib ki, başqa bir dövlətin rəsmilərini ittiham etsin, təhqir etsin? Ümumiyyətlə, məsələyə obyektiv yanaşsaq, qonşu dövlətlərin İran qarşısında elə də böyük borcu yoxdur. Əksinə, İranın son 40-50 il ərzində region dövlətlərinə qarşı atdığı addımları nəzərə alsaq, əslində, həmin ölkələrin İrana qarşı daha sərt mövqe tutmaq üçün kifayət qədər əsasları var. Amma bütün bunlara baxmayaraq, region dövlətləri bunu istəmir. Çünki bu, bölgəni ciddi şəkildə narahat edəcək, yeni risklər və təhlükələr yaradacaq bir vəziyyətdir. Bu baxımdan, region ölkələri mövcud şəraitdə sanki İrana qarşı daha anlayışlı davranır, müəyyən mənada onu qorumağa çalışırlar. Prezident də bunu görür, düzgün qiymətləndirir və adekvat olaraq bu açıqlamanı verir. Bu, ciddi, məsuliyyətli və səmimi bir yanaşmadır. Pezeşkian həm vəzifəsinin tələbini yerinə yetirir, həm də doğru bir addım atır. Bütün hallarda ümid etmək olar ki, siyasi dairələr prezidentin bu fikirlərini eşidəcək və nəzərə alacaqlar.
Lamiyə Cəbrayılova