Hərbi sahədə əməkdaşlıq təhlükəsizlik mühitini möhkəmləndirir- ÖZƏL

"Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, hərbi sahədə də ardıcıl şəkildə inkişaf edir. Fevralın 3-də Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimi bu tərəfdaşlığın mühüm göstəricilərindən biri oldu. Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın təlimi birgə izləməsi əlaqələrin strateji xarakterini nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Respublikanın "Əməkdar mədəniyyət işçisi", Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini Gülsarə Abbasova deyib: "Təlim zamanı yaşayış məntəqələrində, dağlıq ərazilərdə və dəniz mühitində müxtəlif ssenarilər icra edildi. Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, girovların azad edilməsi, yaralıların təxliyəsi, sabotaj fəaliyyətlərinin qarşısının alınması və yanğınsöndürmə əməliyyatları üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirildi. Bu fəaliyyətlər ordular arasında koordinasiyanın gücləndirilməsinə xidmət etdi.

Prezidentlərin görüşü çərçivəsində iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıqla bağlı niyyət məktubunun imzalanması da xüsusi əhəmiyyət daşıdı. Bu sənəd gələcəkdə birgə təlimlərin, hərbi texniki əməkdaşlığın və kadr hazırlığı sahəsində mübadilələrin genişlənəcəyindən xəbər verir.

Bu cür tədbirlər regional təhlükəsizliyə töhfə verməklə yanaşı, Azərbaycan və BƏƏ-nin terrorizmə qarşı mübarizədə ortaq mövqedən çıxış etdiyini göstərir. Hərbi sahədə qurulan etibarlı tərəfdaşlıq ümumi təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət edir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31