Cənubi Qafqazda enerji savaşı: ABŞ-nin modul AES layihəsi və Rusiyanın "alternativsiz" reaksiyası – ÖZƏL

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistanda modul tipli AES tikintisi üçün 9 milyard dollar ayrılacağını bəyan etməsi regionda geosiyasi gərginliyi artırıb. Bu addım rəsmi Moskvanın sərt reaksiyası ilə qarşılanıb. Rusiya XİN müavini Mixail Qaluzin bildirib ki, "Rosatom"un təklif etdiyi texnologiyanın real alternativi yoxdur. O, Rusiyanın layihəyə dərhal başlamağa hazır olduğunu vurğulayıb. Paşinyanın Moskvadakı "Dünya Atom Həftəsi"ndə iştirakı və "Rosatom" rəhbərinin İrəvanla təmasları Rusiyanın bu sahədəki inhisarını qorumaq istədiyini göstərir.

Maraqlıdır, Paşinyan hökuməti Vaşinqtonun maliyyə vədi ilə Rusiyanın mövcud nüvə infrastrukturunu necə balanslaşdıracaq? Moskva bu məsələdə Ermənistana qarşı iqtisadi və ya təhlükəsizlik rıçaqlarını işə sala bilərmi?  

"9 milyardlıq yardım Ermənistan üçün bir neçə istiqamətdə yeni mərhələnin başlanğıcı deməkdir. Bu, həm yeni layihələrin icrası baxımından ciddi əsaslar yaradır, həm enerji sahəsində yeni mərhələyə keçidi ifadə edir, həm də geosiyasi müstəvidə Ermənistanın mövqeyində dəyişikliklərə yol açır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi biıdirib ki, bu, onu göstərir ki, Ermənistan bu gün çoxvektorlu siyasət yürütmək niyyətindədir. Yəni artıq tək bir istiqamətə bağlı qalmaq istəmir, həm Rusiya, həm də ABŞ ilə münasibətləri balanslaşdırmağa çalışır. ABŞ-dən alınacaq bu 9 milyardlıq yardım da məhz Rusiya ilə Amerika arasında balanslaşdırılmış siyasətin bir elementi kimi qiymətləndirilə bilər. Bu çərçivədə yeni atom-elektrik stansiyasının yaradılması məsələsi gündəmə gəlir. Əslində, bu təşəbbüs ABŞ-nin uzunmüddətli strateji hədəflərinə xidmət edir və əsas məqsədlərdən biri Ermənistanı tədricən Rusiyanın enerji asılılığından çıxarmaqdır. Əgər regionda yeni atom-elektrik stansiyası qurularsa, bu, ABŞ üçün Cənubi Qafqazda uzunmüddətli mövcudluq səbəblərindən birinə çevriləcək. Ermənistan hazırda Rusiyanın "Rosatom" şirkətinə məxsus atom-elektrik stansiyasından istifadə edir. Bu stansiya uzun illərdir ölkənin elektrik enerjisi tələbatını ödəyir və regionun ən güclü energetika obyektlərindən biri hesab olunur. Onu qısa müddətdə əvəz etmək təkcə Ermənistan üçün deyil, ABŞ üçün də olduqca çətin məsələdir. Çünki Amerika atom-elektrik stansiyaları texniki baxımdan Rusiyanın stansiyalarından xeyli fərqlənir.
"Rosatom" stansiyası daha iri həcmli, yüksək gücə malik və geniş imkanlara sahibdir. ABŞ-nin təklif etdiyi stansiyalar isə daha kiçik ölçülü olur, istehsal gücü nisbətən azdır və verdiyi enerji həcmi Rusiyanın stansiyası ilə müqayisədə aşağıdır. Bundan əlavə, servis və texniki xidmət məsələlərində də müəyyən çətinliklər yarana bilər. Halbuki "Rosatom" modeli həm maliyyə, həm servis, həm də təhlükəsizlik baxımından bütün prosesi kompleks şəkildə özü təmin edir. Bu baxımdan Rusiyanın mövqeyində müəyyən haqlılıq payı var.

Ekspert qeyd edib ki, Paşinyan hökumətinin yürütmək istədiyi bu çoxvektorlu siyasət çərçivəsində Ermənistanın tədricən Rusiyanın enerji təsir dairəsindən çıxaraq Qərbə yaxınlaşması nəzərdə tutulur. Bu yaxınlaşma həm strateji, həm iqtisadi, həm də siyasi müstəvidə özünü göstərir. Lakin əgər gələcəkdə "Rosatom"dan imtina edilərək ABŞ-nin təklif etdiyi atom-elektrik stansiyasına keçid baş verərsə, bu, uzunmüddətli proses olacaq. Bu gün və ya qısa müddətdə həll olunacaq məsələ deyil. Bunu həm ABŞ, həm də Ermənistan tərəfi yaxşı anlayır. Məhz buna görə Ermənistan hazırda ikili yanaşma sərgiləyir: bir tərəfdən Rusiyanın mövcud atom-elektrik stansiyası ilə işləməyə davam edir, digər tərəfdən isə uzunmüddətli perspektivdə Qərb layihələrinə "bəli" deyir. Bu uzunmüddətli layihələrin son nəticəsinin necə olacağı isə hələ ki, qeyri-müəyyəndir. Bu səbəbdən Ermənistan yaxın dövrdə Rusiyanın təqdim etdiyi enerji servislərindən tam imtina etməyəcək. Rusiya da öz növbəsində Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməyəcək, lakin tariflərdə, enerji qiymətlərində və ya bəzi xidmətlərdə müəyyən dəyişikliklər edə bilər. Yəni iqtisadi və texniki alətlər vasitəsilə təzyiq mexanizmləri işə düşə bilər.

"Rusiya Ermənistanı tamamilə itirməmək üçün münasibətlərin kəskin şəkildə pozulmasına və ya ağır sanksiyalara getməyəcək. Ermənistanın ABŞ ilə yaxınlaşması fonunda Vaşinqton da regionda mövqeyini möhkəmləndirməyə çalışır və Ermənistanda mövcudluğunu strateji baxımdan təmin etmək üçün əlindən gələni edir. Bu prosesdə Azərbaycan-Türkiyə faktoru və İran amili də mühüm rol oynayır. ABŞ-nin regionda mövcudluğu Azərbaycan və Türkiyə üçün yeni layihə və imkanlar açmaqla yanaşı, enerji təhlükəsizliyi baxımından da müəyyən üstünlüklər yarada bilər. Eyni zamanda, bu vəziyyət İran üçün ciddi narahatlıq doğurur. İran ABŞ ilə münasibətlərin xarakterini və Ermənistanda Amerika şirkətlərinin fəallaşmasını nəzərə alaraq, yeni atom-elektrik stansiyası layihələrinə açıq şəkildə qarşı çıxacaq. Strateji baxımdan ABŞ Cənubi Qafqazda siyasi və geosiyasi mövcudluğunu tədricən möhkəmləndirmək niyyətindədir və bu məqsədlə bu gün mövcud olan bütün imkanlardan maksimum istifadə etməyə çalışır", - deyə siyasi şərhçi sonda vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31