Yeni təyin edilən sədr şəhid oğludur - DOSYE
15:14 SiyasətXəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.
Daha sonra isə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Mursaqulov 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun oğludur. İ.Mursaqulov 1990-cı il yanvarın 24-də Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onun olduğu və yolun kənarında dayanmış avtomobilin üzərindən keçib. Ağır zədə alan professor fevralın 3-ü vəfat edib.
İ.Mursaqulov Şəhidlər xiyabanında dəfn olunub.