Sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edilməlidir - Deputat

"Hesab edirəm ki, "Uşaq hüquqları haqqında" ayrıca sənəd kimi yox, bütün qanunvericilik sistemini hərəkətə gətirən çərçivə qanun kimi baxmalıyıq. Çünki burada təsbit olunan prinsiplər - uşağın təhlükəsizliyi, zorakılıqdan qorunması, sağlam mühitdə inkişafı, zərərli təsirlərdən müdafiəsi yalnız bu qanunun maddələri ilə təmin oluna bilməz. Bu prinsiplər digər sahə qanunlarında da əksini tapmalıdır". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib. 
Deputat qeyd edib ki, uşaq hüquqları yalnız sosial siyasətin mövzusu deyil, birbaşa təhlükəsizlik məsələsidir: "Ona görə də dəyişikliklər tək bir qanunla məhdudlaşmamalı, informasiya, media və reklam sahəsini tənzimləyən normaları, İnzibati Xətalar və Cinayət Məcəlləsini, təhsil və sosial müdafiə ilə bağlı qanunvericiliyi, eləcə də rəqəmsal mühiti əhatə edən normativ aktları paralel şəkildə daha yaxşı əhatə etməlidir. Yalnız bu halda biz uşağı həm hüquqi, həm sosial, həm də informasiya mühitində real şəkildə qoruya bilərik.

Bu gün uşaqlar üçün ən böyük risklərdən biri fiziki mühit yox, rəqəmsal mühitdir. Sosial şəbəkələrdə nəzarətsiz istifadə, yaş məhdudiyyətlərinin faktiki işləməməsi, zərərli çağırışlar, psixoloji manipulyasiya, onlayn zorakılıq - bunlar real təhlükədir".

Razi Nurullayev sosial şəbəkədə yaş məhdudiyyəti, zərərli vərdişlərin təşviqinə qarşı sərt mexanizmlərin tətbiqini də qanun layihəsində əks olunmağını istəyib:

"Birincisi - sosial şəbəkələrdə yaş məhdudiyyətinin hüquqi mexanizmlə tətbiq edilməsi.

Bizim qanunda uşağın zərərli informasiyadan qorunması prinsipi var, amma platformaların birbaşa hüquqi məsuliyyəti, yaş verifikasiyası mexanizmi və icra nəzarəti ayrıca normativ səviyyədə gücləndirilməlidir.
İkincisi - zərərli vərdişlərin təşviqinə qarşı sərt mexanizmlərin tətbiqi.

Alkoqol, tütün, enerji içkiləri, qumar, aqressiv məzmun - uşaqlara yönəlmiş və ya uşaqlar tərəfindən əlçatan olan formada yayım və reklam məsələsinə daha sərt yanaşmalıyıq. Bir çox Avropa ölkələrində uşaqlara yönəlmiş reklam və kontent üzrə ciddi məhdudiyyətlər mövcuddur. Bizdə isə norma var, amma tətbiq mexanizmi zəifdir. Beynəlxalq praktikada "cyberbullying" ayrıca hüquqi anlayış kimi tanınır. Bu istiqamətdə inzibati və hüquqi məsuliyyət mexanizmlərini daha aydın görməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31