Lavrovun reallıqdan uzaq ambisiyası: Rusiya Cənubi Qafqazda təsirini itirir? – ÖZƏL
14:04 SiyasətRusiya XİN rəhbəri Sergey Lavrov 2020-2022-ci illər razılaşmalarının hələ də qüvvədə olduğunu bəyan edərək, Moskvanın regiondakı proseslərdə əsas pay sahibi olmaq istəyini yenidən gündəmə gətirib. XİN rəhbəri bildirib ki, Rusiya regionda nəqliyyat və kommunikasiya xətlərinin, xüsusən də Zəngəzur dəhlizinin yalnız onun nəzarəti və şərtləri ilə açılmasında israrlıdır.
Lavrovun açıqlaması dəhlizə iqtisadi layihə deyil, siyasi nəzarət mexanizmi kimi baxıldığını təsdiqləyir. Ermənistan tərəfi isə Moskvanın bu proseslərdə iştirakını artıq "absurd" adlandıraraq Rusiyanın iddialarını rədd edir.
"Rusiya Cənubi Qafqazda itirdiyi nüfuzunu bərpa etmək niyyətindədir və bu məqsədlə son dövrlər bu tip açıqlamalarla çıxış edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Moskva hələ də regionda güclü aktor olduğunu nümayiş etdirməyə çalışır. Burada əsas məsələ konkret layihələrdən pay almaqdan daha çox, özünü qlobal güc kimi təqdim etmək və Cənubi Qafqaz üzərində təsir dairəsinin hələ də mövcud olduğunu göstərməkdir. Lakin reallıq ondan ibarətdir ki, vaxtilə Rusiyanın forpostu sayılan ölkə tərəfindən belə bu cür addımlar birmənalı qarşılanmır. Ermənistan tərəfi bu yanaşmaya açıq deyil. Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın bu iddialarını "absurd" adlandıraraq açıq şəkildə rədd edib. Bu faktın özü göstərir ki, Moskva istəsə də, istəməsə də Cənubi Qafqazda əvvəlki təsir gücünü itirib. Hətta uzun illər Rusiyanın forpostu olmuş Ermənistan belə artıq bu xəttdən uzaqlaşmağa başlayıb.
"Bu reallıqları nəzərə alaraq, Rusiya rəhbərliyi Cənubi Qafqaz siyasətini yenidən formalaşdırmalıdır. Çünki oyun qaydaları dəyişib və artıq əvvəlki dövr deyil. Məsələn, altı il əvvələ nəzər salsaq, regionda tamamilə fərqli mənzərə var idi: Azərbaycan və Ermənistan arasında aktiv müharibə şəraiti mövcud idi, Gürcüstan isə faktiki olaraq Qərb blokuna yaxınlaşmış, bu blokun siyasi orbitində yer almışdı. Bu gün isə vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan və Ermənistan arasında faktiki olaraq müharibə mərhələsi başa çatıb. ABŞ-nin vitse-prezidentinin regiona səfəri də bunu təsdiqləyən mühüm siyasi siqnaldır. Həm Azərbaycan, həm də Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq istiqamətində irəliləyir. Hazırda müzakirə olunan nəqliyyat və kommunikasiya layihələri, istər TRIPP layihəsi, istərsə də Zəngəzur dəhlizi kimi tanınan təşəbbüslər ABŞ, Azərbaycan və Ermənistanın birgə səyləri çərçivəsində formalaşdırılır. Təbii ki, Rusiya da daxil olmaqla digər ölkələr bu regionda müxtəlif layihələrə sərmayə qoya, investisiya təşəbbüsləri irəli sürə bilərlər. Lakin bu dəhlizlər üzərində tam nəzarəti ələ keçirmək Rusiyanın imkanları xaricindədir", - deyə Z. Əmrəliyev qeyd edib.
Ekspertin fikrincə, Moskva mövcud geosiyasi reallıqları düzgün qiymətləndirərək elə bir təklif və mövqe ortaya qoymalıdır ki, bu, faktiki vəziyyətlə uzlaşsın. Əks halda, Lavrovun səsləndirdiyi kimi açıqlamalar, Simonyanın da qeyd etdiyi kimi, reallıqdan uzaq və absurd təsir bağışlayır.
Lamiyə Cəbrayılova