Tramp düz 15 dəfə “İlham Əliyev” dedi
13:37 Siyasət"Müasir dövrdə əməkdaşlıq məsələsinin mahiyyəti xeyli dəyişib. Əgər dövlət güclü deyilsə, əməkdaşlıqla bağlı imzalanan heç bir beynəlxalq mexanizm səmərəli olmur. Ən azından ötən dövrdə öz təcrübəmizdən bunu bilirik".
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.
"Sirr deyil ki, cəmi üç il əvvələ qədər ABŞ-ın Azərbaycan siyasəti daha çox "insan haqları" pərdəsi altında rəngli inqilabların dəstəklənməsi, Ermənistanla münaqişənin yenidən alovlanması, separatizmin ömrünün uzadılması kimi məsələləri əhatə edirdi.
Prezident İlham Əliyev isə separatizmə son qoymaqla, Zəfərin nəticələrini qlobal miqyasda qəbul etdirməklə, tam yeni bir dövrün başlanması üçün zəmin yaratdı. Xüsusən ötən ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona tarixi səfərindən sonra ABŞ-Azərbaycan münasibətləri öz tarixinin ən uğurlu mərhələsinə qədəm qoydu", - B.Məhərrəmov qeyd edib.
Deputat bildirib ki, ABŞ Prezidenti Donald Tramp son yarım ildə dəfələrlə Azərbaycan Prezidentindən danışıb:
"Dünyanın bir nömrəli gücü Azərbaycanın yaratdığı reallıqlara regionun təhlükəsizliyinin formulu kimi baxır. Donald Tramp son yarım ildə 15 dəfə istər sosial mediada, istərsə də müxtəlif platformalarda çıxışlarında İlham Əliyevin liderlik məziyyətlərindən və uğurlarından xüsusi bəhs edir.
Münasibətlərin inkişaf etdiyi bir vaxtda ABŞ vitse-prezidentinin Bakıya səfəri, o cümlədən ötən gün Prezidentin ABŞ Ticarət Palatasının vitse-prezidentinin başçılıq etdiyi və 30-dan artıq şirkətin nümayəndəsinin daxil olduğu geniş heyəti qəbul etməsi Azərbaycan liderinin təşəbbüsləri və qətiyyəti ilə dəyişən reallıqların bariz nümunəsidir".