Vensə Bakı ilə bağlı minlərlə məktub yazıldı: Nə istəyirlər?
13:30 SiyasətErməni diasporu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfərində (Vensin bu gün Bakıya gələcəyi gözlənilir - red.) diqqəti Araik Arutyunyan və dəstəsinin üzərinə yönəltməyə, onların azad edilməsi tələbini Vaşinqtonun gündəminə daxil etməyə çalışır.
Kilikya katolikosu I Aram, eləcə də Amerika Erməni Milli Komitəsi (ANCA) Vensə Bakıda "erməni əsirlərlə" görüşmək, onların qeyd-şərtsiz azad edilməsi tələbini irəli sürmək çağırışı edib. ANCA-nın başladığı kampaniya ilə Vensin ofisinə minlərlə məktub ünvanlanıb. ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlar, həmçinin erməni diasporunun dəstəklədiyi "insan haqları" təşkilatları analoji müraciətlə çıxış edib. "Qarabağ erməniləri" isə "həmvətənlərimizi azad edin" çağırışı ilə İrəvanda aksiya keçiriblər. Kampaniyanın effektiv olması üçün "xristian təəssübkeşliyi" xüsusilə vurğulanır.
Ermənilərin Vensin diqqətini bura yönəldə bildikləri, ABŞ rəsmisinin də Bakıda bu məsələyə ən azı toxuna biləcəyi mümkün variantdır. Lakin nəticə əldə etmək çətindir, çünki fevralın 5-də keçirilən məhkəmədə hərbi cinayətlər törətmiş şəxslərə hökm oxundu.
Aparılan kampaniya göstərir ki, hərbi cinayətkarlarla bağlı məhkəmə prosesinin Vensin səfərindən öncə yekunlaşması doğru qərar olub.
Bununla məsələnin Vaşinqtonun gündəliyinə daxil edilməsinə imkan verilmədi, hətta Vens Bakıda buna toxunsa belə, ABŞ-da erməni icmasının "çağırışını nəzərə alan" ritorika olacaq.
Asif Nərimanlı