Azərbaycan–Britaniya dostluq qrupu yenidən formalaşdırılıb

"Əvvəlcə London şəhərində Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclasında iştirak etdiyimi qeyd etmək istərdim. Məlum olduğu kimi, Britaniya parlamentində müəyyən daxili prosedur dəyişiklikləri nəticəsində dostluq qruplarının fəaliyyəti və formalaşdırılma qaydaları son dövrlərdə sərtləşdirilmişdir. Lakin səfirliyimizin, Milli Məclisin və şəxsən sizin, xanım sədr, apardığınız ardıcıl və məqsədyönlü təbliğat işi nəticəsində Azərbaycan-Britaniya dostluq qrupu yenidən formalaşdırılmışdır. Yeni qaydalara əsasən, bu qrupun yaradılması üçün Britaniya parlamentində dörd müxtəlif siyasi partiyanı təmsil edən deputatlar imza atmışdırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  rəhbəri  Fariz İsmayılzadə deyib.

Deputat qeyd edib ki, görüşlər zamanı regionda aparılan sülh gündəliyi, Azərbaycan-Britaniya münasibətlərinin sürətlə inkişafı, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Azərbaycanın əldə etdiyi parlaq qələbə, ölkəmizin Avrasiya regionunda mühüm nəqliyyat qovşağına çevrilməsi, enerji siyasəti və qlobal miqyasda vasitəçilik rolu xüsusi vurğulanıb: "Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan-Britaniya münasibətləri strateji səviyyəyə yüksəlmişdir. Britaniyalı deputatlar strateji tərəfdaşlıq çərçivəsində texnologiyalar, yaşıl enerji, süni intellekt, müdafiə sənayesi, logistika və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə ümidlərini ifadə etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31