TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq – Paşinyan

ABŞ-nin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) regional və qlobal əhəmiyyət daşıyacaq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransı zamanı deyib.

"Biz Vaşinqton sammitinin əsas nailiyyətlərindən biri olan - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq. Bu ilin 13 yanvar tarixində Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında imzalanmış layihənin icrasına dair çərçivə sazişinə uyğun olaraq təsdiqlədik ki, bu layihə ən mühüm sülhyaratma dividendləri ilə yanaşı, Qərb və Şərq arasında maneəsiz kommunikasiyanın inkişafına töhfə verərək regional və qlobal əhəmiyyətə də malik olacaq", - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, tərəflər layihənin icrası üzrə hazırlıq işlərindən, eləcə də bir neçə gün əvvəl başlanmış texniki-iqtisadi əsaslandırma tədqiqatlarında əldə olunan irəliləyişdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31