İrəvandakı məhkəmə: Praktik dəyəri olmayan qərar, siyasi siqnal - ÖZƏL

"Qərbi Azərbaycan İcması Ermənistanda baş verən son hadisə ilə bağlı bəyanat yaymaqla düzgün və çevik mövqe nümayiş etdirib. Bu bəyanat, ilk növbədə, Ermənistandakı revanşist qüvvələrə vaxtında verilmiş cavabdır. Eyni zamanda, həmin qüvvələrin aktivləşdirilməsinə yönəlmiş cəhdlər göstərən kənar dairələr üçün də xəbərdarlıq xarakteri daşıyır. Bununla yanaşı, bölgədə sülhün bərqərar olunmasında maraqlı olan bütün tərəflərə mesaj verilir ki, Ermənistanda revanşistləri ruhlandırmaq istəyən müəyyən dairələr və təşəbbüslər mövcuddur."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Həqiqətən də, Şahramanyanın 2023-cü ilin sentyabrında imzaladığı fərmanla qondarma qurumun buraxılması tarixi faktdır. Bu addım separatçıların məğlubiyyətlərini dərk edərək tam fiziki məhvdən yayınmaq üçün atdıqları son çıxış yolu kimi qiymətləndirilə bilər. Əks halda, onların fiziki məhv riski ilə üz-üzə qalması istisna deyildi.

Bu baxımdan, Ermənistanda bəzi məhkəmə orqanlarının hüquqi məzmun daşımayan qərar qəbul etməsi yalnız revanşist qüvvələrin maraqlarına xidmət edir və onların aktivləşdirilməsi məqsədi güdür. Şahramanyanın imzaladığı sənədlə bağlı Ermənistan məhkəməsinin çıxardığı qərar mahiyyət etibarilə heç nəyi dəyişmir və praktiki əhəmiyyət kəsb etmir. Lakin bu addım Ermənistandakı revanşist qüvvələr üçün müəyyən mənada həvəsləndirici siqnal kimi qəbul oluna bilər.

Məhz buna görə də Ermənistan hakimiyyəti ölkə daxilində, xüsusilə hüquqi müstəvidə bu cür addımların qarşısının alınmasında maraqlı olmalıdır. Hətta gözləniləndir ki, rəsmi İrəvan həmin məhkəmə qərarının ləğvi istiqamətində apellyasiya proseduruna başlaya bilər. Bu, artıq Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılı məsələdir.

Nəticə etibarilə, sözügedən məhkəmə qərarının praktik baxımdan heç bir real təsiri yoxdur. Bununla belə, o, Ermənistanda revanşist qüvvələrə müəyyən fəallaşdırıcı mesajlar ötürür. Buna görə də Ermənistan hakimiyyəti hüquqi müstəvidə bu mənasız qərarın aradan qaldırılması üçün ən azı bir addım atmalı və proseslərdə ardıcıl olduğunu, sülh gündəliyini sona qədər davam etdirmək niyyətində olduğunu nümayiş etdirməlidir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31