Bəhruz Quliyev: "Qərbi Azərbaycana qayıdış yaxın illərdə praktiki mərhələyə keçə bilər" – ÖZƏL

"Hesab edirəm ki ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya gözlənilən səfəri region üçün sıradan diplomatik hadisə deyil, ciddi geosiyasi mesajlar ehtiva edən strateji addımdır. Bu səfər, ilk növbədə, ABŞ-nin Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş və sabitlik dayağı kimi gördüyünü nümayiş etdirir. Vaşinqton artıq regionu yalnız münaqişə prizmasından deyil, nəqliyyat, enerji təhlükəsizliyi, dini tolerantlıq və ənənəvi dəyərlər kontekstində dəyərləndirir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Şərhçi qeyd edib ki, Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanan məqamlar təsadüfi deyil. Prezident Donald Trampın dəstəyi ilə formalaşmış Vaşinqton Bəyannaməsi, sülh müqaviləsinin paraflanması və "Tramp Marşrutu" kimi layihələr göstərir ki, beynəlxalq gündəmdə Azərbaycan artıq təşəbbüs göstərən, şərtləri diktə edən tərəfdir. ABŞ vitse-prezidentinin Bakıya səfəri eyni zamanda Ermənistana açıq mesajdır ki, revanşizm dövrü bitib, regional sülh isə reallıq üzərində qurulmalıdır.
1987-ci ildən başlayaraq Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarına qayıdış hüququ beynəlxalq hüquq baxımından tam legitimdir. Bu məsələ BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Qaçqınların Statusu haqqında Konvensiya və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanır. Burada söhbət nə ərazi iddiasından, nə də siyasi ultimatumdan gedir. Söhbət insanın doğulduğu torpağa ləyaqətli və təhlükəsiz qayıdışından gedir.

"Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, "biz ata-baba yurdumuza dinc yolla, ləyaqətlə qayıdacağıq". Bu ifadə Azərbaycanın dövlət strategiyasını tam dəqiqliyi ilə əks etdirir. Hüquq, səbr və beynəlxalq mexanizmlər əsasında Qərbi azərbaycanlıların qayıdışı məsələsinin yaxın illərdə praktiki mərhələyə keçməsi artıq real ehtimaldır. Düşünürəm ki, regionda yeni geosiyasi balans formalaşır, ABŞ və digər aparıcı güclər isə bu prosesdə zorakı deportasiyaların nəticələrinin aradan qaldırılmasını qaçılmaz görür. Əgər Ermənistanda siyasi iradə və beynəlxalq zəmanətlər formalaşarsa, bu qayıdış mərhələli və monitorinq altında həyata keçirilə bilər", - deyə ekspert əlavə edib.

B. Quliyev qeyd edib ki, Qərbi Azərbaycan məsələsi artıq emosional yox, beynəlxalq gündəmin hüquqi-siyasi mövzusudur. ABŞ vitse-prezidentinin Bakıya səfəri isə bu məsələnin qapalı danışıqlardan açıq diplomatik müstəviyə keçdiyinin aydın göstəricisidir. Bəllidir ki, Azərbaycanın mövqeyi dəyişməzdir. Sülhə sadiqlik, hüquqa hörmət və tarixi ədalətin bərpası bizim əsas məqsədimizdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31