ABŞ-ın ikinci adamı Bakıya niyə gəlir? – “Əliyev ona bu mesajı çatdıracaq”

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri bölgədə artan geosiyasi gərginlik fonunda xüsusi diqqət çəkir. Vensin 9-10 fevral tarixlərində İrəvana, 10-11 fevral tarixlərində isə Bakıya səfəri nəzərdə tutulur.

Ekspertlər bildirirlər ki, Vaşinqtonun regiona marağının artması təkcə Ermənistan-Azərbaycan sülh prosesi ilə məhdudlaşmır. Adətən belə yüksək rütbəli Amerika rəsmilərinin Cənubi Qafqaza səfərləri postmünaqişə dövrünün nizamlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və Qərbin regional mövqelərinin möhkəmləndirilməsi kontekstində dəyərləndirilir.

Xüsusilə ABŞ-İran münasibətlərində gərginliyin artdığı, Vaşinqtonun Tehrana qarşı siyasi və hərbi ritorikasını sərtləşdirdiyi bir dövrdə Vensin həm İrəvanı, həm də Bakını ziyarət etməsi regional aktorların İran ətrafında formalaşan proseslərdəki rolunu yenidən gündəmə gətirir.

İran ətrafında artan gərginlik fonunda bu səfər Vaşinqtonun Cənubi Qafqazla bağlı təhlükəsizlik hesablamalarının göstəricisi sayıla bilərmi? Ağ Ev rəsmisi Bakıda Prezident İlham Əliyevlə İran məsələsini də müzakirə edəcəkmi?

Globalinfo.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Vensin regiona səfəri əsasən Vaşinqtonun Bakı və İrəvanla əməkdaşlığı dərinləşdirməsi fonunda baş verir:

"Xüsusilə gündəlikdə TRIPP yolunun icrası məsələsi ətraflı müzakirə ediləcək. Çünki bu istiqamətdə işlər getsə də, proses hələ sürətli deyil. Vens bu məsələ ilə bağlı tərəflərlə əlavə danışıqlar apararaq prosesi sürətləndirməyin yollarını axtara bilər.

Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi də müzakirə mövzularından olacaq. Ola bilsin ki, Vaşinqton rəsmisi sülh sazişinin daha erkən imzalanması üçün təkliflər irəli sürsün və tərəflərin mövqeyini öyrənsin. Bakının əsas tələbi Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir. Bundan başqa, ABŞ-ın Azərbaycana silah satışı məsələsi də gündəmdə olacaq".

Politoloq qeyd edib ki, ABŞ-İran gərginliyi də səfər çərçivəsində müzakirə oluna bilər:

"Bakı bu məsələdə hər hansı müzakirəyə açıq deyil. Biz mövzuya qarışmadığımızı bildirmişik. Azərbaycanın yeganə istəyi problemin diplomatik yolla həll edilməsidir. Bunu İran tərəfinə də bir neçə dəfə çatdırmışıq. Əgər Vens bu mövzunu Azərbaycanla müzakirə etmək istəsə, böyük ehtimalla veriləcək cavab İranla bağlı mövqeyimizlə eyni olacaq. Azərbaycan öz ərazilərindən İrana zərbə endirilməsi üçün istifadəyə icazə verməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31