Moskva niyə İrəvandan daha çox narahatdır?- ÖZƏL

"Azərbaycan xalqının, xüsusilə də keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşamış günahsız mülki insanların qanına batmış erməni silahlı dəstələrinin üzvlərinin İrəvandan daha çox Moskva tərəfindən müdafiə olunması onların "ermənidən artıq erməni" mövqeyində çıxış etməsi anlamına gəlmir. Bu, daha çox hazırda həbs olunan və mühakimə edilən şəxslərin uzun illər ərzində İrəvanın deyil, məhz Moskvanın sifariş və maraqlarını icra etməsi, günahsız Azərbaycan vətəndaşlarının qanına bu maraqlar naminə batan şəxslər olması ilə bağlıdır. Məhz bu səbəbdən bu gün baş verən proseslərə ən sərt reaksiyanın İrəvandan deyil, Moskvadan gəlməsi diqqət çəkir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, əslində, Moskva bu davranışı ilə keçmiş vassallarına və agentura şəbəkəsinin üzvü olmuş şəxslərə dolayısı mesaj verməyə çalışır: əlində olan məhdud imkanlar çərçivəsində onları hələ də müdafiə edir və sonadək qorumaq niyyətindədir. Çünki əks halda, yəni bu şəxslər tamamilə sahibsiz və tərk edilmiş vəziyyətdə olduqlarını dərk etsələr, bu günədək məhkəmələrdə açıq şəkildə səsləndirmədikləri bir sıra faktları üzə çıxara bilərlər.

"Söhbət onların Rusiyaya bağlılığı, günahsız insanların qətlə yetirilməsi ilə bağlı hansı əmrləri və hansı rus məmurlarından aldıqları barədə məlumatlardan gedir. Bu cür etiraflar isə Moskvanın daha dərindən ifşa olunmasına gətirib çıxara bilər. Halbuki Rusiya indiyədək özünü Azərbaycan-Ermənistan münaqişəsində guya balanslaşdırıcı və neytral tərəf kimi təqdim etməyə çalışıb. Lakin məhz bu şəxslərin açıqlaya biləcəyi faktlar belə bir mövqenin tamamilə əsassız olduğunu üzə çıxara və Qarabağın işğalının ermənilərin deyil, əslində Moskvanın planı olduğunu göstərə bilər. Məhz bu səbəbdən Rusiyanın rəsmi şəxsləri və ictimai-siyasi dairələri tərəfindən Bakıda Azərbaycan məhkəməsinin qəbul etdiyi qərarlara verilən reaksiyalar da bu kontekstdə dəyərləndirilməli və məhz bu prizmadan başa düşülməlidir", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31