Azərbaycanın sülh və tolerantlıq modeli: BMT tribunasından dünyaya mesaj- ÖZƏL

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən yüksək səviyyəli paneldə Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional və qlobal sülhə verdiyi töhfələrdən, eləcə də "Bakı Prosesi"nin mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma rolundan bəhs edib. 
Azərbaycanın BMT platformasında sülh və mədəniyyətlərarası dialoq təşəbbüsləri ölkənin beynəlxalq siyasi imicinə və diplomatik mövqelərinə hansı real üstünlükləri qazandırır?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan dünya üzrə dinlərin xüsusi harmoniya şəraitində və təhlükəsiz bir mühitdə yaşadığı nadir ölkələrdəndir. Azərbaycanda istər müstəqillik tariximiz boyunca, istərsə də ümumiyyətlə coğrafiyamızın 2500 illik tarixi ərzində heç bir din nümayəndəsinə qarşı xüsusi təqib və soyqırımı faktı qeydə alınmayıb.
Bu gün də Azərbaycanda başda müsəlman, xristian və yəhudi dinləri olmaqla bir çox dinlərə qarşı xüsusi tolerantlıq nümayiş etdirilir və insanlar bir-birinin inancına qarşı hörmətsizlik etmir. Bu da öz növbəsində dövlətin hüquqi və qanunlarla tənzimlənmiş qaydaları əsasında həyata keçirilir. Yəni, hər bir din nümayəndəsi öz ibadətini müstəqil şəkildə icra edə bilir. Burada ən önəmli məqam ondan ibarətdir ki, Azərbaycanda din dövlət işlərinə qarışmır. Bu isə öz növbəsində istər dini azlıqların, istərsə də sayca daha çox olan dinlərin və onların məzhəblərinin ayinlərinin sərbəst şəkildə keçirilməsi üçün şərait yaradır.
Bu baxımdan Azərbaycanın bu sahədə BMT-dəki çıxışları, təşəbbüsləri və layihələri təqdirəlayiqdir və əməkdaşlıq hər zaman uğurlu olub. Burada Azərbaycanın təcrübəsi xüsusilə önəmlidir və bu məsələnin - Azərbaycançılıq və Azərbaycandakı multikultural dəyərlərin dünyada təbliğinin aparılması uzun illərdir dövlətin xarici siyasət konsepsiyasına daxil edilmiş mövzudur. Bu baxımdan da BMT ilə Azərbaycan bu istiqamətdə əlaqələri davam etdirəcək.
Bu fəaliyyətlər ölkə xaricində də mövcuddur. Məsələn, Heydər Əliyev Fondu vasitəsilə bir çox ölkələrdə tarixi abidələrin, o cümlədən dini abidələrin bərpası və restavrasiyası istiqamətində işlər görülüb. Azərbaycan Vatikanda bir sıra dini abidə və məkanların yenidən qurulması prosesində xüsusi missiyalar icra edib. Bu da əslində dövlətimizin təkcə İslam dininə deyil, digər dinlərə də verdiyi önəmi göstərir. Məlum olduğu kimi, Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşı yüz ildən artıq olan bir çox məscid dağıdılıb. Hazırda onların bir çoxunda bərpa işləri aparılır.
Eyni zamanda təkcə məscidlərin deyil, Qarabağda Azərbaycana məxsus kilsələrin də bərpa olunması prosesi həyata keçirilir, onların əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülür. Bununla da Azərbaycan bir daha göstərir ki, bütün dinlərə qarşı hörmətlə yanaşır və bu yanaşmanı beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31