BMT-də Azərbaycan imzası: Sülh təşəbbüsləri və artan nüfuz – ÖZƏL
15:52 SiyasətBMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən yüksək səviyyəli paneldə Azərbaycanın qlobal sülhə töhfələri və "Bakı Prosesi" platformasının rolu diqqət mərkəzində olub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında ölkəmizin mədəniyyətlərarası dialoqdakı liderliyini vurğulayıb. Səfər çərçivəsində BMT rəsmiləri ilə gənclərin və qadınların bu proseslərdə fəal iştirakı, həmçinin növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üzrə əməkdaşlıq məsələləri razılaşdırılıb.
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkənin beynəlxalq imici əhəmiyyətli dərəcədə güclənib. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan hazırda Cənubi Qafqazda şərtsiz lider dövlət kimi çıxış edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu regional liderlik ölkənin qlobal miqyasda da siyasi iradəsinin daha aydın və təsirli şəkildə ortaya qoyulmasına şərait yaradır, Azərbaycanın beynəlxalq nüfuzunu davamlı olaraq artırır. Məhz bu reallıqlar fonunda rəsmi Bakı Birləşmiş Millətlər Təşkilatı çərçivəsində də öz mövqeyini daha geniş və sistemli şəkildə təqdim etmək imkanları qazanıb. Son dövrlərdə Azərbaycanın təşəbbüsü ilə hazırlanmış və təqdim olunmuş bir sıra sənədlərin BMT-nin rəsmi sənədləri kimi qəbul edilərək ictimailəşdirilməsi və geniş müzakirələrə çıxarılması bunu açıq şəkildə təsdiqləyir.
"Bütün bunlar onu göstərir ki, Azərbaycanın beynəlxalq arenadakı nüfuzu sürətlə artmaqdadır və yaxın perspektivdə bu proses ölkənin dünyanın aparıcı dövlətləri sırasında daha fəal və təsirli şəkildə təmsil olunması ilə nəticələnə bilər. Hazırda həyata keçirilən siyasi, diplomatik və strateji proseslər də məhz bu hədəfə doğru yönəlib.
BMT çərçivəsində keçirilən tədbirlərdə və müzakirələrdə Azərbaycanın təqdim etdiyi sənədlərin əsas baza sənədləri kimi qəbul olunması ölkənin qlobal nüfuzunun və artan beynəlxalq çəkisinin bariz göstəricisi kimi qiymətləndirilməlidir", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova