Azərbaycan sülhə nail olmaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi- ÖZƏL
15:50 Siyasət"Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri mühüm məqamları ilə diqqətdədir" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə də görüşü oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladılar. Etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi bildirildi, TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsi müzakirə edildi. Tarixi sülh razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunması və inkişaf etdirilməsi əsas çağırışlar sırasındadır. Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifi regionda dayanıqlı inkişafa, sülhə və təhlükəsizliyə böyük önəm verməsinin göstəricisi kimi dəyərləndirilir. Azərbaycan sülhə nail olmaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi və bunu Ermənistandan da tələb etdi. Nəhayət, Azərbaycan lazım olan nəticəyə ötən ilin avqustunda nail oldu. Bir daha təsdiqləndi ki, sülhə aparan yol çətin və mürəkkəb olsa da, ardıcıl siyasi iradə, güclü və məsuliyyətli liderlik və beynəlxalq həmrəylik əsasında real nəticələr əldə etmək mümkündür".
Malik Həsənov bildirib ki, Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində geniş müzakirə edildi: "Dövlətimizin başçısı İlham Əliyevin bu mükafata layiq görülməsi diplomatiya tariximizdə mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Cənab İlham Əliyev mükafatın təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir. Dövlətimizin başçısı belə bir çağırışı etdi ki, bu sülh təkcə iki ölkə deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. O da qeyd edildi ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəlindi və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi".