Yekun sülh müqaviləsi üçün yol xəritəsi
10:44 SiyasətTərəflər birbaşa dialoqa üstünlük verirlər
2026-cı ilin 4 fevral tarixində neytrai platforma olan Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin əldə olunması istiqamətində həlledici mərhələ kimi qiymətləndirilir. Görüşdə ən müxtəlif məsələlər ətrafında aparılan müzakirələr onun əhəmiyyəti və gözləntilərini gündəmə gətirir. Xatırladaq ki, hər iki liderin Əbu-Dabiyə səfərinin əsas səbəblərindən biri "Zayed İnsan Qardaşlığı Mükafatı"nın (Zayed Award for Human Fraternity) təqdimetmə mərasimidir. Bu mükafatın məhz Azərbaycan və Ermənistan liderlərinə verilməsi beynəlxalq birliyin tərəflər arasındakı sülh prosesinə verdiyi yüksək dəstəyin simvoludur. Bu, prosesin artıq geri dönməz mərhələyə daxil olduğunun göstəricisi hesab olunur.
Görüşün həm nümayəndə heyətləri ilə geniş tərkibdə, həm də təkbətək formatda keçirilməsi müzakirələrin sadəcə protokol xarakterli olmadığını, konkret texniki detalların masada olduğunu göstərir. Odur ki, müzakirə edilən əsas mövzular sırasında sülh sazişinin mətninin olması təbiidir. Heç şübhəsiz ki, sənədin son variantı üzərində razılaşmaların sürətləndirilməsi diqqət mərkəzində olub. Paralel olaraq, sərhədlərin delimitasiyası, komissiyaların işinin praktiki nəticələrə yönəldilməsi də nəzərdən keçirilib. Məlum olduğu kimi kommunikasiyaların açılması dedikdə Zəngəzur dəhlizi kontekstində regionda nəqliyyat və logistika xətlərinin bərpası kimi başa düçülür.
Əbu-Dabi görüşü göstərir ki, tərəflər artıq üçüncü tərəflərin diktəsindən çox, birbaşa dialoqa və Körfəz ölkələri kimi neytral, iqtisadi baxımdan maraqlı olan yeni platformalara üstünlük verirlər. Bu isə o deməkdir ki, Brüssel və ya Moskva formatı artıq öz aktuallığını itirir. Birləşmiş Ərəb Əmirliklərinin bu prosesdə ev sahibliyi etməsi regiona investisiya cəlbi baxımından da əhəmiyyətlidir. Bu baxımdan görüşdən gözlənilən nəticələr də ümidvericidir. Ekspertlərin fikrincə, bu görüşdən sonra Yekun sülh müqaviləsinin imzalanması üçün konkret yol xəritəsi və ya tarix elan oluna bilər. Daha dəqiq, Ermənistanın öz daxili qanunvericiliyində sülhə mane olan bəndlərin təmizlənməsi istiqamətində addımlar sürətlənə bilər. Sözügedən tənzimləmənin Konstitusiya dəyişikliyi olması ehtimalı da artır. Yeri gəlmişkən qeyd edək ki, bu görüş Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı yeni regional nizamın praktiki təsdiqi hesab olunur. Bakı üçün artıq "münaqişə" deyil, yalnız "normallaşma" gündəliyi mövcuddur.
Lakin Əbu-Dabi görüşündən sonra tərəflərin yaydığı rəsmi bəyanatlar diplomatik "şifrələrlə" doludur. Bu bəyanatların təhlili göstərir ki, tərəflər artıq nəzəri müzakirələrdən praktiki icraya keçid edirlər. Rəsmi bəyanatların əsas bəndləri üzrə təhlili deməyə əsas verir ki, Zayed Mükafatı mərasimi çərçivəsində verilən mesajlarda "tolerantlıq" və "birgəyaşayış" vurğusu ön plandadır. Azərbaycan tərəfi bəyanatlarında reinteqrasiya və regionun iqtisadi potensialına, Ermənistan tərəfi isə "Sülh kəsişməsi" layihəsinə istinad edir. Bu da hər iki liderin daxili auditoriyaya "biz sülhə hazırıq və bu, iqtisadi rifah gətirəcək" mesajını vermək cəhdidir.
Bəyanatlarda sülh müqaviləsinin mətninin böyük hissəsinin razılaşdırıldığı, qalan bəndlər üzərində isə konstruktiv ruhda işin davam etdiyi bildirilir. Əsas mübahisəli məqamlar adətən konstitusional dəyişikliklər və delimitasiya prinsipləri ilə bağlıdır. Əbu-Dabi bəyanatları göstərir ki, tərəflər bu "çətin" bəndlər üzərində kompromis variantlar tapmağa çox yaxındırlar.
Rəsmi bəyanatlar arasındakı ton artıq təqsirləndirici deyil, nəticəyönümlüdür. Əbu-Dabi görüşü sülh müqaviləsinin imzalanması üçün psixoloji səddin keçildiyini təsdiqləyir. Sülh müqaviləsinin imzalanması prosesində növbəti addım kimi sərhəd komissiyalarının növbəti görüşü və ya xarici işlər nazirlərinin mətni yekunlaşdırmaq üçün bir araya gəlməsi gözlənilir.
Rəsmi bəyanatlarda hər hansı üçüncü tərəfin (ABŞ, Aİ və ya Rusiya) xüsusi rolu qeyd olunmur. BƏƏ tərəfi sadəcə ev sahibi və "sülh platforması" kimi təqdim edilir. Bu isə o anlama gəlir ki, Bakı və İrəvan kənar müdaxilələri minimuma endirərək, məsələləri iki tərəfli formatda həll etmək modelini rəsmiləşdirir. Bu, xüsusilə Azərbaycanın uzun müddətdir müdafiə etdiyi "regional problemləri regionda həll edək" prinsipinin qələbəsidir. Məhz bu qələbənin nəticəsidir ki, artıq Azərbaycan və Ermənistan sülh şəraitində yaşayır, iqtisadi əlaqələr inkişaf etdirilir. Azərbaycan ərazisindən Ermənistana neft fə taxılın çatdırılması bu əməkdaşlığın bariz nümunəsidir. Demək, Ermənistanla Yekun sülh müqaviləsinin imzalanması üçün yeni mərhələyə qədəm qoyulub.
Alim Hüseynli