Donanma hərəkətdə, risk masada: ABŞ–İran gərginliyi hara gedir? – ÖZƏL
13:59 SiyasətABŞ prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ-nin "Abraham Lincoln" aviadaşıyıcısının başçılığı ilə böyük hərbi donanmanın İran istiqamətində hərəkətə başladığını bildirib. Tramp donanmanın sürət, güc və qəti məqsədlə irəlilədiyini vurğulayıb.
ABŞ prezidenti Tehrana çağırış edərək dərhal danışıqlara başlamalı olduğunu, əks halda daha ağır hərbi əməliyyatların baş verə biləcəyini deyib. Onun sözlərinə görə, əsas tələb İranın nüvə silahından tam imtina etməsidir.
Maraqlıdır, Donald Trampın bu qədər açıq və sərt ritorikası real hərbi müdaxilə ehtimalını artırır, yoxsa? ABŞ-İran gərginliyinin bu mərhələyə çatması regionda, xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz üçün hansı siyasi və təhlükəsizlik risklərini yarada bilər?
"Cənab Trampın nə İran xalqının vəziyyəti, nə də İranda demokratiyanın qurulması ilə bağlı hər hansı bir məqsədi yoxdur. Bu tamamilə aydındır. İran neft və qaz yataqlarına görə dünyada ilk beşlikdə yer alır və əsas maraq məhz bundan qaynaqlanır".
Bu fikirləri sözügedən mövzunu Olaylar.az-a şərh edərkən keçmiş millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. Professor bildirib ki, ikinci məqam isə Trampın xarici siyasətində hərbi ritorikanın və qorxu üzərindən təzyiq siyasətinin xüsusi yer tutmasıdır: "Bu, onun üçün sadəcə bir alətdir və bu yanaşma həm ilk prezidentliyi dövründə olub, həm də indi davam edir. Tramp bəzi təhdidləri reallaşdırır, bəzilərini isə yarımçıq saxlayır. Bu, müəyyən mənada siyasi və hərbi oyundur.
Burada diqqət yetirilməli olan başqa mühüm bir faktor da var. ABŞ coğrafi baxımdan İrandan uzaqdadır. İranın raket potensialı ABŞ ərazisini vurmaq imkanına malik olmasa da, Fars körfəzi regionunda yerləşən ABŞ hərbi bazalarını rahatlıqla hədəfə ala bilər. Söhbət Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindəki Amerika bazalarından gedir. İranın raketlərinin gücü bunun üçün kifayət edir. Biz bunu İsrail-İran arasında baş vermiş 12 günlük münaqişə zamanı da gördük. Düzdür, texnoloji baxımdan İran İsraildən xeyli geridədir, lakin buna baxmayaraq ciddi tələfat törətmək potensialına malikdir. Regionda istənilən bir şəhərin və ya obyektin vurulması böyük insan itkisinə, eləcə də neft və qaz yataqlarına zərər vurulmasına səbəb ola bilər. Xüsusilə enerji infrastrukturuna dəyən zərbələr həm iqtisadi, həm ekoloji baxımdan ağır nəticələr doğurar. Məhz bu risklər səbəbindən hazırda ABŞ regiondakı hərbi kontingentini azaltmağa, vətəndaşlarını və personalını təhlükəli zonalardan çıxarmağa çalışır. Digər tərəfdən, yerli əhali üçün humanitar və ekoloji problemlər də qaçılmazdır. Bu səbəbdən region ölkələri, hətta İsrailin özü belə, hələlik ABŞ-ni birbaşa hərbi müdaxilədən çəkindirməyə çalışır".
Müsahibimin fikrincə, ümid onadır ki, İranda gedən daxili proseslər zamanla hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. İranda hansı formada olursa-olsun hakimiyyət dəyişərsə və yeni siyasi rəhbərlik formalaşarsa, əsas məsələ İslam İnqilabı Keşikçiləri Korpusunun proseslərdən kənarlaşdırılmasıdır. Çünki bu qurum İranın ən güclü hərbi-siyasi təsir mexanizmidir. Onların zəiflədilməsi və ya təsir imkanlarının məhdudlaşdırılması gələcəkdə İranın enerji sərvətləri üzərində nəzarətin asanlaşmasına şərait yarada bilər.
"Bəziləri düşünür ki, ABŞ administrasiyasının məqsədi guya İran xalqına kömək etməkdir. Bu, açıq şəkildə desək, fantastik bir yanaşmadır. Belə bir niyyət yoxdur. Burada söhbət sırf iqtisadi və enerji maraqlarından gedir. Bu yaxınlarda oxuduğum beynəlxalq enerji təhlillərində qeyd olunurdu ki, Yer kürəsində ən azı növbəti 50 il ərzində neft və qaz resurslarından istifadə qaçılmazdır. Alternativ enerji mənbələri hələlik bu tələbatı tam şəkildə ödəmək gücündə deyil, üstəlik onların maya dəyəri yüksəkdir və ekoloji problemlər də yaradır", - deyə R. Quliyev əlavə edib.
O qeyd edib ki, yaxın 1 həftə-10 gün ərzində dünyada formalaşacaq geosiyasi konfiqurasiya həlledici olacaq. Əgər Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində real addımlar atılarsa, bu da Tramp üçün maraqlıdır. Orada da əsas motiv iqtisadi maraqlardır, humanitar məsələlər deyil. Bu, bazar iqtisadiyyatının və Amerika imperializminin mahiyyətidir. ABŞ üçün əsas prioritet iqtisadi resurslara nəzarət etmək və gələcəkdə daha çox qazanc əldə etməkdir. Hesab etmirəm ki, ABŞ-nin İrana qoşun yeritməsi mümkün ssenaridir. Bu məsələ hələ 10-15 il əvvəl ABŞ administrasiyasında dəfələrlə müzakirə olunub və nəticə olaraq belə qənaətə gəlinib ki, İrana birbaşa qoşun yeritmək mümkün deyil. İraq, Liviya və digər ölkələrlə müqayisədə İran tamamilə fərqli reallıqdır. İkinci mümkün ssenari isə ABŞ-nin İrana qarşı hava zərbələrinə başlamasıdır. Lakin bu halda İranda xalqla hakimiyyət arasında birləşmə baş verə və ABŞ ilə İsrailə qarşı müqavimət daha da güclənə bilər. Bu, birbaşa hərbi müdaxilənin əks-effekt yaratması deməkdir. Bombardmanlar daha çox qorxutma, nüvə proqramının qarşısını almaq bəhanəsi ilə gündəmə gələ bilər. Lakin sürətli və genişmiqyaslı hərbi müdaxilə ilə İranda çevrilişə nail olunacağına inanmaq real deyil. Bu, ABŞ üçün Koreya və Vyetnam müharibələrində olduğu kimi ağır nəticələrə gətirib çıxara bilər. Minlərlə əsgərin həlak olduğu bu müharibələrin təcrübəsi göstərir ki, ABŞ belə bir ssenariyə getməyəcək. Bu baxımdan İrana qarşı genişmiqyaslı hərbi müdaxilə qeyri-mümkün ssenari kimi görünür.
Lamiyə Cəbrayılova