Sülh Şurasında təmsilçilik Azərbaycanın diplomatik manevr imkanlarını artırır


  • ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının X sosial mediasında səhifəsi yaradılıb. Səhifədə Sülh Şurası təsisçi üzv kimi Azərbaycanı salamlayıb. Azərbaycanla yanaşı səhifədə Sülh Şurasına üzv olan digər ölkələrə dair salamlama posterləri də yerləşdirilib.Xatırladaq ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biri olub. Bəs, Azərbaycanın Sülh Şurasında təmsilçiliyi ölkəmizə nə vəd edir?

Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik strukturlarında təmsilçiliyi, xüsusilə regional və qlobal "Sülh Şurası" kimi təşəbbüslərdə yer alması, ölkəyə əhəmiyyətli siyasi-diplomatik üstünlüklər qazandıra bilər. Bu cür təsisatlarda iştirak  Azərbaycanın beynəlxalq münasibətlərdə və qlobal iqtisadiyyatda mövqeyini gücləndirərək, regional sülhün təminatında rolunu artırır.

Sülh Şurasında təmsilçilik Azərbaycan üçün həm regional liderlik, həm də beynəlxalq nüfuz baxımından strateji əhəmiyyət kəsb edən bir addımdır. Bu, sadəcə bir masa arxasında oturmaq deyil, ölkənin milli maraqlarını qlobal səviyyədə diktə etmək imkanıdır. Heç şübhəsiz ki, bu təmsilçiliyk Azərbaycan üçün bir sıra üstünlüklər vəd edir. Vacib məqamlardan biri ölkəmizin beynəlxalq legitimliyin gücləndirilməsidir ki, Sülh Şurası kimi platformalarda iştirak  Azərbaycanın post-münaqişə dövründəki statusunu daha da möhkəmləndirir. Daha dəqiq, Sülh Şurasında təmsilçilik ölkənin "problem tərəfi"ndən çıxıb "həll təklif edən tərəf" kimi qəbul edilməsini təmin edir. Bununla da Azərbaycan regional təhlükəsizlik üzərində nəzarətə sahib çıxır. Çünki yeni dünya düzəninin ilk beynəlxalq institutunda təmsilçilik  Bakıya Cənubi Qafqazla bağlı qərarların qəbulu prosesində birbaşa iştirak imkanı verir. Bu isə aşağıdakıların qarşısını almağa kömək edir: Kənar güclərin bölgəyə qərəzli müdaxiləsi; Azərbaycanın maraqlarına zidd olan qətnamələrin qəbulu.

Azərbaycanın Sülh Şurasında təmsilçiliyi həm də iqtisadi baxımdan səmərəlidir. Məlum olduğu kimi istənilən regionda sülh və sabitliyin bərqərar olması birbaşa xarici investisiya deməkdir. Yəni, investorlar sərmayə yatıranda sabitlik və təhlükəsizlik məsələsinə daha çox diqqət yetirirlər. Sülh Şurasındakı aktiv rol Azərbaycanı regionun tranzit qovşağı və etibarlı tərəfdaş obrazını gücləndirir. Sabitlik vəd edən ölkə, böyük logistik layihələr üçün daha cəlbedici olur.

Şurada təmsil olunmaq Azərbaycanın diplomatik manevr imkanlarını da artırmış olur. Belə ki, təmsilçilik dünyanın böyük gücləri ilə (ABŞ, Aİ, Rusiya, Çin) münasibətlərində balans yaratmaq və bu güclərin sülh prosesindəki rolunu öz xeyrinə tənzimləmək üçün yeni rıçaqlar verir. Sülh Şurasında təmsilçilik eyni zamanda böyük məsuliyyətdir. Bu, Azərbaycanın təkcə öz maraqlarını deyil, həm də beynəlxalq hüquq normalarını qoruyan bir aktor kimi çıxış etməsini tələb edir.

Azərbaycanın xarici siyasətindəki prioritetlər və Sülh Şurası çərçivəsində gözlənilən konkret addımlar hazırda ölkənin uzunmüddətli strateji hədəflərinə xidmət edir. Ölkəmiz  hazırda "aktiv diplomatiya" mərhələsindədir və aşağıdakı üç istiqaməti əsas götürür: Suverenliyin tam təsbit olunması: Sülh Şurasında  Azərbaycanın əsas hədəfi ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə mübahisəsiz, de-yure və de-fakto qəbulunu tamamlamaqdır. Aydın olur ki, ölkənin xarici siyasətin əsas prioriteti Ermənistanla yekun sülh müqaviləsinə nail olmaqdır. Heç şübhəsiz ki, Bakı Şuranı bu müqavilənin imzalanması üçün "neytral və təzyiqsiz" bir platforma kimi görür. Əsas şərt isə kənar dövlətlərin prosesi manipulyasiya etməsinə imkan verməməkdir. Məhz bu məqsədlə Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivi olduğunu vurğulayaraq, regionun gələcəyinin kənar qüvvələr tərəfindən deyil, region ölkələri tərəfindən müəyyən edilməsini təşviq edir.

İstisna deyil ki, Azərbaycanın Sülh  Şurasının qərarlarından gözləntiləri də mövcuddur. 
Sülh Şurası daxilində Azərbaycan üçün faydalı ola biləcək konkret qərarlar bunlardır:
Sərhədlərin delimitasiyası: Beynəlxalq hüquqi xəritələr əsasında sərhədlərin tanınması və gələcək insidentlərin qarşısının alınması üçün hüquqi baza. Bu hüquqi baza yaradılmaqla  Azərbaycan işğaldan azad edilmiş ərazilərdəki mina problemini qlobal səviyyəyə çıxararaq, Şuradan həm texniki, həm də maliyyə yardımı mexanizmləri tələb edə bilər. Ardınca Ermənistanla kommunikasiyaların açılmasını reallaşdırmaq imkanı əldə edilmiş olur. Bu baxımdan, Zəngəzur dəhlizi daxil olmaqla, regional yolların açılmasının beynəlxalq təhlükəsizlik və ticarət üçün əhəmiyyətinin qətnamələrdə əks olunması vacib şərtdir. 

Azərbaycanın strateji üstünlüyü həm də onun "Enerji Diplomatiyası"nı gücləndirmək imkanı yaradır. Rəsmi Bakı  Sülh Şurasında təkcə siyasi tərəfdaş deyil, həm də Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış edir. Bu faktor, Şuradakı qərarların qəbulu zamanı Bakının əlini gücləndirən ən böyük "yumşaq güc" elementidir. Nəticə etibarilə Azərbaycanın bu platformadakı rolu regionun gələcək memarlığını birbaşa dizayn etmək fürsətidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31