Gültəkin Hacıbəyli niyə susur, harda susur: Milli Şura ledisi Bakıya gətiriləcəkmi?
11:49 SiyasətMusavat.com xəbər verir ki, Milli Şuranın rəhbərliyində təmsil olunan, sabiq deputat Gültəkin Hacıbəylinin taleyi son həftələr siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Türkiyə məhkəməsinin onun müraciətini təmin etməməsi ilə ekstradisiya prosedurunun hüquqi baxımdan açıq qalmasına baxmayaraq, Hacıbəyli hələ də Türkiyə ərazisində saxlanılır və Azərbaycana gətirilməyib.
Məlumata görə, 30 noyabrda İstanbulda saxlanılan Gültəkin Hacıbəyli hazırda Türkiyənin Çatalca Geri Göndərmə Mərkəzindədir. Bu, indiyədək formalaşmış praktikadan fərqlənir. Adətən, Türkiyədə Azərbaycan dövlətinin tələbi ilə saxlanılan soydaşlar qısa müddət - bir sutka ərzində - Bakıya gətirilirdilər. Hacıbəylinin isə artıq həftələrdir Türkiyə ərazisində qalması diqqət çəkir və suallar doğurur.
Bu müddətdə Hacıbəyli Türkiyənin ali siyasi rəhbərliyinə - Prezident Rəcəb Tayyib Ərdoğana və MİT-in rəhbəri İbrahim Kalına müraciət edərək, Azərbaycana göndərilməməsi üçün dəstək istəmişdi. Lakin Türkiyə məhkəməsi bu müraciətin əksinə qərar çıxarıb və deportasiya qərarının icrasını dayandırmayıb. Bununla belə, qərarın icrası da hələlik reallaşmayıb.
Siyasi dairələrdə və media mühitində formalaşan qənaətə görə, bu "gecikmə"nin arxasında Bakının məsələyə yüksək "səslə" müdaxilə etməməsi ehtimalı dayanır. Yəni Hacıbəylinin dərhal Azərbaycana gətirilməməsi onun aktiv siyasi fəaliyyət göstərməməsi, açıq bəyanatlar verməməsi, mediada görünməməsi, istintaqın gedişinə mane ola bilməməsi ilə izah olunur. Başqa sözlə, hazırkı mərhələdə onun susqun qalması istintaq baxımından yetərli hesab edilə bilər.
Xatırladaq ki, Gültəkin Hacıbəyli sabiq Administrasiya rəhbəri Ramiz Mehdiyev ətrafında başlanan istintaq prosesindən dərhal sonra Azərbaycanı tərk edib. İstintaq orqanları bu addımı ölkədən qaçna və prosesdən yayınma kimi qiymətləndiriblər. Məlumatlara görə, istintaq materiallarında 2013-cü illərə aid, dövlətə xəyanət xarakterli epizodların yer aldığı ayrıca cinayət dosyesi mövcuddur və bu dosye üzrə araşdırmalar davam etdirilir. Ramiz Mehdiyevin ev həbsi ilə bağlı proseslər fonunda Hacıbəylinin ölkədən çıxması istintaqın diqqət mərkəzində olan əsas məqamlardan biri kimi göstərilir.
Bu kontekst, Azərbaycanda Moskva vasitəsi ilə qurulan (Milyarderlər İttifaqı) Milli Şuraya qarşı aparılan daha geniş istintaq və hüquqi proseslərlə də üst-üstə düşür. Xüsusilə AXCP sədri Əli Kərimlinin həbs olunduğu cinayət işi üzrə aparılan istintaq çərçivəsində Rusiya kəşfiyyatının təsirinə məruz qala biləcək bir sıra siyasi fiqurların fəaliyyəti araşdırılır. Rəsmi mövqeyə görə, bu işlər konkret cinayət faktları əsasında aparılır; müxalif dairələr isə prosesləri siyasi motivli hesab edir.
Beləliklə, Gültəkin Hacıbəylinin "harada və niyə susması" sualı təkcə onun şəxsi hüquqi durumunu deyil, həm də Azərbaycanın daxili siyasi gündəmində davam edən genişmiqyaslı istintaq proseslərinin məntiqini açır. Türkiyə məhkəməsinin qərarına baxmayaraq, onun hələ də Çatalcada saxlanılması Bakının mövqeyinin tam sərtləşmədiyini, yaxud prosesin mərhələli şəkildə aparıldığını göstərir. Nəticə etibarilə əsas sual açıq qalır: Milli Şura ledisi yaxın vaxtlarda Bakıya gətiriləcəkmi, yoxsa bu susqunluq uzunmüddətli bir gözləmə taktikasının tərkib hissəsidir?