Qazaxıstan prezidenti baş nazir təyin etməkdən imtina edərsə, parlamenti buraxa biləcək- ÖZƏL
10:40 SiyasətQazaxıstan Konstitusiyasına təklif olunan dəyişikliklər çərçivəsində prezidentə birpalatalı parlamenti - Kurultayı buraxmaq hüququ verilə bilər. Bu, deputatların prezidentin irəli sürdüyü vitse-prezident və baş nazir namizədlərinə iki dəfə razılıq verməməsi halında mümkün olacaq. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Erlan Sarsembayev Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Konstitusiyada nəzərdə tutulur ki, prezident Kurultayın ümumi deputat sayının əksəriyyətinin razılığı ilə vitse-prezident və baş naziri, həmçinin Konstitusiya Məhkəməsinin 10 hakimini, Mərkəzi Seçki Komissiyasının 6 üzvünü və Ali Audit Palatasının 8 üzvünü vəzifəyə təyin etsin. Eyni zamanda, prezidentə bu vəzifələr üzrə namizədlərə təkrar razılıq verilmədiyi halda Kurultayı buraxmaq səlahiyyəti tanınacaq.
Sarsembayev qeyd edib ki, bu mexanizm siyasi qüvvələri kompromis axtarışına və məsuliyyətli davranışa təşviq edəcək. Onun sözlərinə görə, təklif olunan model prezidentlə Kurultay arasında balans yaradır, dövlət başçısının təşəbbüskar rolunu deputat korpusunun həlledici səsi ilə uzlaşdırır və dövlət idarəçiliyinin effektivliyini artırır. Nazir vurğulayıb ki, bu effektivlik şəxslərdən deyil, ictimai hakimiyyət institutlarının keyfiyyətindən asılı olmalıdır.
Bundan başqa, dəyişikliklər prezidentə milli təhlükəsizlik, maliyyə sabitliyi və hüququn aliliyinin təmin olunması ilə birbaşa bağlı olan qurumların rəhbərlərini təkbaşına təyin etmək səlahiyyəti verməyi də nəzərdə tutur. Bu vəzifələrə baş prokuror, Konstitusiya və Ali məhkəmələrin sədrləri, Milli Bankın, Milli Təhlükəsizlik Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Ali Audit Palatasının, Ali Məhkəmə Şurasının rəhbərləri, Dövlət Mühafizə Xidmətinin rəisi və insan hüquqları üzrə müvəkkil daxildir. Nazirin fikrincə, bu addım şəxsi məsuliyyəti artıracaq, təyinatların operativliyini təmin edəcək və xüsusilə böhran anlarında dövlət orqanlarının fasiləsiz fəaliyyətinə zəmanət verəcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha əvvəl Konstitusiyaya dəyişikliklər çərçivəsində ölkədə vitse-prezident vəzifəsinin yaradılmasını təklif edib. Bu post Qazaxıstanda 1991-1996-cı illərdə mövcud olub. Planlara əsasən, vitse-prezident hakimiyyət sistemində ikinci ali vəzifəli şəxs olacaq və prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda dövlət başçısının səlahiyyətlərini icra edəcək.