Dövlət başçısının səsləndirdiyi fikirlər son dərəcə real və prinsipialdır- ÖZƏL

"Müasir beynəlxalq münasibətlər sisteminin dərin dəyişikliklər mərhələsindən keçdiyi bir dövrdə dövlət başçımızın Davosda "Euronews" televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər son dərəcə real və prinsipialdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Fatma Yıldırım deyib: "Təəssüf ki, bu gün dünyada beynəlxalq hüququn ikili standartlara əsaslanaraq tətbiq edildiyini və qanunun aliliyinin yerini çox zaman güc qaydasının tutduğunu görürük. Məhz belə bir şəraitdə Azərbaycan öz strategiyasını düzgün müəyyənləşdirərək, milli maraqlara əsaslanan, eyni zamanda beynəlxalq hüquqa tam uyğun addımlar atmışdır. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası bunun ən bariz sübutudur.
Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycan dövlətinin sülhə, dialoqa və insan həmrəyliyinə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Otuz ildən artıq davam edən münaqişə və qan tökülməsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması tarixi nailiyyətdir. Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlığa doğru dəyişməsi göstərir ki, Bakı sülhü real addımlarla təmin edir. Nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, enerji təchizatının təmin olunması regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31