Dövlət modelində kəskin dönüş: Paşinyanın kilsə və diaspora ilə mübarizəsi – ÖZƏL
15:47 Siyasət"Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi mübarizə getdikcə daha da kəskinləşir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın partiyası qalib gəlmək istəyir, müxalif qruplar da eyni məqsədlə hərəkət edir. Seçki ərəfəsində Paşinyanın kilsə ilə, diaspora ilə və ölkə daxilindəki müxalifətlə münasibətlərinin gərginləşməsi təsadüfi deyil. Hər bir tərəf seçkidə üstünlük qazanmaq üçün konkret addımlar atır. Çünki bu seçkilərin nəticələri həm region üçün, həm də Ermənistanın daxili siyasi gələcəyi baxımından olduqca vacibdir. Demək olar ki, bu proses ölüm-dirim mübarizəsinə çevrilib.
Ekspert qeyd edib ki, əgər Paşinyanın partiyası qalib gələrsə, kilsənin ölkə üzərindəki hökmranlığına birdəfəlik son qoyula bilər. Məlumdur ki, Paşinyan Ermənistanı dünyəvi dövlət modelinə uyğunlaşdırmaq istəyir və bu baxımdan kilsənin dövlət üzərində üstünlüyünü təmin edən bütün maddələri ləğv etməyə çalışır. Məhz buna görə hər kəs son vasitələrdən istifadə edir və mövqelərini qorumağa çalışır. Təsadüfi deyil ki, Paşinyanın ətrafında da müəyyən kilsə xadimləri toplaşıb. Paşinyan mövcud katolikos Qaragenə qarşı alternativ bir qrup formalaşdırır. Bu qrup əsasən kilsə xadimlərindən ibarətdir və məqsəd Qarageni vəzifədən uzaqlaşdıraraq özünə loyal şəxsləri önə çəkməkdir. Əgər bunu Ermənistanda həyata keçirmək mümkün deyilsə, proses xaricdə təşkil edilir.
Niyə Rusiya yox, Avstriya?
Sirr deyil ki, erməni katolikosunun əsas dəstəkçiləri daha çox Qərb ölkələrində - Avropada, xüsusilə Fransada, eləcə də Kanadada və ABŞ-də yerləşir. Qaragen də bu yolla seçkiqabağı həmin qüvvələri Paşinyana qarşı birləşdirmək istəyir.
Ermənistanda baş nazirdən sonra ən böyük nüfuza malik qurum kilsə və xarici diaspora hesab olunur. Məhz bu səbəbdən indiki kilsə rəhbərliyi Paşinyana qarşı düşmən mövqedə dayanaraq bütün bu qüvvələri Qaragenin ətrafında cəmləşdirib. Onlar son mübarizəyə hazırlaşırlar. Rusiya sanksiyalar səbəbindən bir çox erməni kilsə nümayəndələrinin və onları dəstəkləyən şəxslərin ora gəlməsi çətindir. Buna görə də ABŞ-dən, Kanadadan və Qərb ölkələrindən nümayəndələrin iştirakı ilə toplantı keçirmək Paşinyana qarşı həm güc nümayiş etdirmək, həm də seçkilərdə onun qələbəsinə mane olmaq məqsədi daşıyır. Xaricdəki diaspora Paşinyanı deyil, daha çox kilsəni müdafiə edir. Çünki Ermənistanın idarə olunmasında diaspora uzun illər mühüm rol oynayıb və Paşinyan bu təsirə son qoymaq istəyir. Bu isə müəyyən dairələri ciddi narahat edir. Təbii ki, Paşinyanın planlarına ən böyük maneə həm də revanşizmin, millətçiliyin və şovinizmin əsas mərkəzlərindən biri olan Erməni kilsəsidir. Diaspora təşkilatları da bu strukturlardan ciddi gəlirlər əldə edir.
"Daxili sabitlik məsələsinə gəlincə, Ermənistanda mövcud görünən sabitlik əslində zahiri xarakter daşıyır. Seçkilər yaxınlaşdıqca bu "sabitlik" daha da ciddi şəkildə pozula bilər. Kilsə toplantısından sonra Paşinyanın atacağı addımlar və seçkiyə qədər proseslərin daha da sərtləşəcəyi gözlənilir. Seçkilərdən sonra isə artıq Ermənistanın hansı yolu seçəcəyi aydın olacaq", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova