Davos yeni hədəflərin mühüm aspekti kimi
23 Yanvar 11:42 SiyasətPrezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol, yeni dünya düzənində həyata keçiriləcək bir sıra addımlara nəzər salmaq baxımından mühüm aspektləri özündə əks etdirdi.
Davos İqtisadi Forumu çərçivəsində reallaşan müsahibədə jurnalistin ünvanladığı suallara geniş və əhatəli cavab verən dövlət başçısı regional proseslərin fonunda qlobal miqyasda formalaşan yeni siyasi reallıqlara nəzər saldı.
Cənubi Qafqazın gələcəyi ilə bağlı danısan Prezident İlham Əliyev vurğuladı ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda sülh və yeni inkişaf mərhələsi başlayıb. Belə ki, uzun illər davam etmiş münaqişələrdən sonra region tarixində ilk dəfə real sülh və sabitlik mərhələsinə qədəm qoyub.
Azərbaycan üçün bu sülh yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və nəqliyyat inteqrasiyası üçün tarixi fürsətdir. Bu mövqe Azərbaycanın regional liderlik ambisiyalarının açıq şəkildə nümayişidir. Bakı sülhü yalnız siyasi nəticə kimi deyil, həm də regional əməkdaşlıq platforması kimi təqdim edir. Zəngəzur dəhlizi, tranzit layihələri, regional ticarət və enerji təhlükəsizliyi bu strategiyanın əsas sütunlarını təşkil edir. Prezidentin "sülhə alışmaq" ifadəsi isə Cənubi Qafqaz üçün tamamilə yeni siyasi psixologiyanın formalaşdığını göstərir. Ölkəmizin rəhbəri Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmağı əsas hədəf olaraq seçilməsini tarixi zərurət kimi dəyərləndirmişdir.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Azərbaycanın enerji ehtiyatları və enerji təhlükəsizliyi məsələsi idi ki, dövlət başçısı bu istiqamətdə gələcək planlardan danışıb: "Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Əməkdaşlığın coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir.
Forum çərçivəsində prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi onu deməyə əsas verir ki, Azərbaycan dünyada sülhün bərqərar olmasında öz sözünü deməkdədir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı