Güclü dövlət modeli həm də legitimlik və ədalət prinsipləri ilə formalaşır- ÖZƏL
08:24 Siyasət"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin "Euronews" televiziyasına verildiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən ciddi transformasiyaların fonunda dövlətin strateji baxışını və praqmatik siyasət xəttini nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlər göstərdi ki, qlobal müstəvidə hüquqi mexanizmlərin təsir imkanları zəiflədiyi, güc amilinin ön plana çıxdığı bir dövrdə hər bir dövlət öz təhlükəsizliyini və maraqlarını ilk növbədə daxili potensialı, rasional diplomatiya və balanslaşdırılmış əməkdaşlıq vasitəsilə təmin etməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Beynəlxalq hüquq normalarının artıq bütün aktorlar üçün mütləq xarakter daşımadığı reallığı aydın görünür. Dünyanın müxtəlif bölgələrində baş verən proseslər göstərir ki, ədalət prinsipi tez-tez siyasi maraqlarla əvəz olunur. Belə bir şəraitdə əsas məqsəd milli maraqları qorumaqla yanaşı, beynəlxalq hüquqa hörmət çərçivəsində düzgün hesab edilən qərarları ardıcıl şəkildə həyata keçirməkdir. Son illərdə atılan addımlar - siyasi sabitliyin möhkəmləndirilməsi, suverenliyin və ərazi bütövlüyünün tam bərpası məhz hüquqi əsaslara söykənən siyasətin nəticəsi kimi təqdim olunur. Bu yanaşma sübut edir ki, güclü dövlət modeli yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də legitimlik və ədalət prinsipləri ilə formalaşır.
Dövlətimizin başçısına "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim olunması Qafqazda uzun illər davam edən qarşıdurmalardan sonra sülhün təşviqi istiqamətində göstərilən səylərə verilən beynəlxalq qiymət kimi dəyərləndirilir. Bu fakt humanitar diplomatiyanın və barış siyasətinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Hazırda regionda yeni mərhələnin başlanması, qarşılıqlı etimadın formalaşması və əməkdaşlıq elementlərinin güclənməsi diqqət çəkir. Daşımalar üçün məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi-humanitar addımların atılması və qarşılıqlı asılılığın artması münaqişə mühitindən əməkdaşlıq mühitinə keçidin praktiki göstəriciləridir. Məqsəd təkcə müvəqqəti sabitlik deyil, uzunmüddətli və davamlı sülhün təmin edilməsidir".