Xarici siyasətdə emosional reaksiyalar deyil, rasional seçimlər üstünlük təşkil edir- ÖZƏL
08:23 Siyasət"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin "Euronews" televiziyasına verildiyi müsahibə Avropa Parlamentinin davamlı tənqidlərinə münasibətdə sərgilənən mövqe də diqqət çəkir. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Əməkdaşlıq daha çox real nəticə verən platformalarla davam etdirilir. Bu yanaşma göstərir ki, xarici siyasətdə emosional reaksiyalar deyil, rasional seçimlər üstünlük təşkil edir. Qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmayan münasibətlər isə perspektivli hesab olunmur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Davosdan səslənən fikirlər göstərir ki, milli maraqlara əsaslanan, hüquqa söykənən və praqmatik diplomatiya ilə müşayiət olunan siyasət konkret nəticələr verir. Formalaşan inkişaf modeli regional sabitliyi möhkəmləndirməklə yanaşı, qlobal miqyasda etibarlı tərəfdaş imici yaradır. Dayanıqlı sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq xətti bu gün təkcə regional uğur deyil, həm də beynəlxalq münasibətlər sistemində nümunə kimi dəyərləndirilə biləcək konseptual yanaşmadır. Məhz bu yanaşma gələcək mərhələdə siyasi təhlükəsizliyin, iqtisadi artımın və humanitar dəyərlərin paralel şəkildə təmin olunmasına zəmin yaradır".