Çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması dövlətimiz üçün əsas prioritetdir- ÖZƏL
08:21 Siyasət"Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişiklikləri ortaya qoyur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, dünya artıq klassik beynəlxalq hüquq mexanizmlərinin dominant olduğu mərhələdən çıxaraq yeni, daha mürəkkəb və ziddiyyətli bir mərhələyə daxil olub. Bu mərhələdə dövlətlərin davranışlarını müəyyən edən əsas amil çox zaman hüquqi normalar deyil, real güc balansı və milli potensialdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz davranış çərçivəsi kimi qəbul edilmir. Məhz bu reallıq strateji yanaşmanın əsasını təşkil edir. Qarşıya qoyulan məqsəd milli maraqlara uyğun konkret nəticələr əldə etməkdən ibarət olub və bütün addımlar beynəlxalq hüquqa tam riayət edilməklə atılıb. Prezident İlham Əliyevin sözügedən müsahibəsində siyasi inkişafdan tutmuş suverenliyin və ərazi bütövlüyünün bərpasına qədər görülən bütün işlərin beynəlxalq hüquq və ümumbəşəri dəyərlərlə uzlaşdığı diqqətə çatdırılıb.
Azərbaycan Prezidentinin müsahibəsində beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğu vurğulanıb. Bu erada prosesləri artıq qanunun aliliyi deyil, "güc qaydası" müəyyənləşdirir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr, davam edən müharibələr və qeyri-sabitlik bu tendensiyanın real təzahürüdür. Belə bir şəraitdə hər bir dövlətin öz strategiyasını və siyasətini real potensialına uyğun qurması mütləq zərurətə çevrilir. Xüsusilə regional müstəvidə etibarlı münasibətlərin formalaşdırılması, paralel olaraq qlobal miqyasda çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması əsas prioritet kimi dəyərləndirilir".