Azərbaycanın qoşulmaq istədiyi “orta güclər liqası” nədir? - kritik gözlənti
10:32 SiyasətXəbər verdiyimiz kimi , rusiyalı politoloq Sergey Markedonov özünün "Donskoy Kavkaz" Telegram kanalında 2026-cı ildə Cənubi Qafqazın üç ölkəsi ilə bağlı təhlillə çıxış edib.
Markedonova görə, Ukrayna münaqişəsi fonunda bütövlükdə Qafqazın, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə azalıb. "Ermənistanda parlament seçkiləri gələn ilin ən mürəkkəb tapmacalarından biridir. Siyasi stratiqrafiya çox mürəkkəbdir. Nəqliyyat və logistika kommunikasiyalarının yenidən işə salınmasından tutmuş Azərbaycanla sülh sazişinə qədər bir çox regional məsələlər bu seçkinin nəticəsi ilə bağlıdır. Ola bilsin ki, Ermənistan tarixində ilk dəfə Bakı və Ankara bu oyunun əsas oyunçuları sırasına daxil olacaqlar" - deyə, o bildirib. Rusiyalı politoloq hesab edir ki, Gürcüstanda seçkilər ötən il başa çatıb, bu da Tiflisə Moskva ilə substantiv dialoqa başlamaq üçün unikal imkan açır: "Bu, təxminən 2028-ci ilin yazına qədər davam edə bilər. Yeni seçki dövrünədək. 2026-cı ildə bu ölkədə çox şey Qərbdən asılı olacaq". Ən maraqlı açıqlamanı Markedonov Azərbaycanla bağlı verib. Politoloq iddia edir ki, 2026-cı ildə Azərbaycan "heç kimin himayəsini qəbul etmədən "orta güclər liqasında" yerini təmin etməyə çalışacaq". Politoloq "orta güclər liqası" dedikdə hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Professor Elxan Mirzəyevin sözlərinə görə, "Orta güclər liqası" geosiyasi kontekstdə işlənən termindir, yəni böyük güclərlə kiçik dövlətlər arasında yerləşən, müəyyən iqtisadi, hərbi və siyasi təsirə malik, regional və ya qlobal səviyyədə aktiv olan ölkələri ifadə edir: "Azərbaycan bu mənada aktiv regional oyunçudur. Bu da Qarabağdakı qələbədən sonra bölgədə yaranmış reallığın diktəsidir. Azərbaycan supergüc ABŞ, Çin kimi nəhənglərlə əməkdaşlıq edir, Orta dəhlizin Zəngəzur hissəsi ilə bağlı əsas aktordur, Yaxın Şərq və Cənubi Qafqaz siyasətində Türkiyə ilə həmahəng hərəkət edir, Rusiya və İran kimi ölkələrlə isə normal qonşuluq əlaqələri qurmağa üstünlük verir. Markedonov düzgün təsbit edib ki, Azərbaycan çoxşaxəli xarici siyasət kursu ilə özünün müttəfiqlərlə əlaqələrini gücləndirir, böyük dövlətlərlə əməkdaşlığını genişləndirir və özünə təhdid gördüyü nöqtələrdən isə məsafəli dayanmağa çalışır".
Onun fikrincə, "Orta güc liqası"nın xüsusiyyəti regional güc olmaq, müəyyən iqtisadi və siyasi müstəqilliyə sahiblənmək, beynəlxalq məsələlərdə təsir göstərməkdir: "Hər üç kontekstdə "orta güclər" qrupu nə tamamilə zəif, nə də tamamilə dominant qüvvədir. Yəni özünəməxsus mövqeyi olan dövlətləri təsvir edir. Bu da Azərbaycan üçün xarakterikdir. Biz 2026-cı ildə təhdidlərə qarşı müttəfiqlərlə birgə immunitet yaradacağıq, iqtisadi-logistik siyasətdə isə "yelkənlərimizi böyük dənizlərə açmağa" hazırıq. Hazırkı geopolitik toqquşmalar, dəhlizlər, yollar və strateji hegemonluq uğrunda gedən mübarizə Azərbaycan kimi qlobal güc olmayan, amma regional oyunçu sayılan dövlətin xarici siyasət vektorunu bu şəkildə qurmağı zəruri edir".
Siyasi ekspert Ramiyə Məmmədova isə rusiyalı analitikin Ermənistanda keçiriləcək seçkilərlə bağlı Bakı və Ankaranın oynayacağı rol haqda söylədiklərini belə şərh edib: "İlk dəfə Ermənistanın Rusiyanın caynağından qoparmaq üçün bu şərait yaranıb. Paşinyan hökuməti hər iki türk dövləti ilə münasibətləri normallaşdırmağa çalışır. Bu da özlüyündə keçmiş forpost Ermənistanın Rusiyadan daha da uzaqlaşmasına hesablanıb. Təbii ki, söhbət siyasi müstəvidə gedir. Rusiya-Ermənistan arasında ticarət genişlənməkdədir. Amma Putinin Sərkisyan və Köçəryana bayram təbriki bir daha göstərir ki, Rusiya Ermənistanda siyasi hakimiyyət dəyişikliyi etməkdə istəklidir. Sadəcə, bu güc və real şərait yoxdur. Ona görə də Azərbaycan və Türkiyə Ermənistan seçkilərində Paşinyana dəstəyi gücləndirməlidir ki, qalib olsun. Bu da siyasi-diplomatik, iqtisadi jestlərdən ibarət ola bilər. Azərbaycan artıq iki addım atıb: tranziz qadağasının ləğvi və neft məhsullarının daşınması".
Ekspert əlavə edib ki, Bakı və Ankara İrəvanı xilas etməyə hazırdır: "Zəngəzur istiqamətində praktik addımlar, Türkiyə-Ermənistan quru sərhədinin qismən açılması gözləntisi var ki, bu da Paşinyanın səsvermədə əlini gücləndirə bilər. O, xalqına göstərir ki, ölkəsini işıqlı tərəfə - sülhə aparır, iqtisadi blokadadan çıxarır".