Münaqişədən sülhə keçidin Azərbaycan modeli

Hazırda dünyada cərəyan edən lokal, yaxud qlobal siyasi proseslər formaca müxtəlif olsa da məzmunca eyni mahiyyət daşıyır. Konkret olaraq Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, Asiyada, Hind Okeanı hövzəsində, ABŞ-Venesuela, Cənubi Qafqazda və sair  yerlərdə  konflikt və qarşıdurmalar mahiyyətcə eyni geosiyasi savaşın tərkib hissələridir. Heç bir regional münaqişə artıq lokal xarakter daşımır. Dünya güclərinin qlobal səviyyədə apardığı böyük geosiyasi mübarizə hər regionu bir cəbhə xəttinə çevirib. Bütün bunlar  ABŞ, Çin, Rusiya, Avropa arasında gedən strateji qarşıdurmanın müxtəlif fazalarıdır. Hətta Hindistan da fərqli konfliktlərə müdaxilə etməklə özünü qlobal güc kimi göstərməyə çalışır. Regionun coğrafiyası dəyişsə də, proseslərin mahiyyəti dəyişmir: dünyanın yeni güc arxitekturası formalaşır və hər bir konflikt bu arxitekturanın ayrılmaz elementi kimi çıxış edir.
Siyasi şərhçi Vüqar Dadaşov hesab edir ki, bütün qlobal çəkişmələr bir-biri ilə sıx bağlıdır və regional qarşıdurmalar bütövlükdə dünya geosiyasi nizamının dəyişməsində istifadə olunur: "ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində faktiki olaraq Ukraynanı kapitulyasiyaya məcbur etməsinin təbii ki, öz geosiyasi hədəfləri var. Əsas məqsəd Çinin sürətli inkişafını məhdudlaşdırmaq üçün onun faktiki xammal bazasına çevrilən Rusiyanı ondan ayırmaq və özünə tərəf çəkməkdir. Donald Trampın Rusiya-Ukrayna müharibəsinə münasibəti və səyləri  Rusiyanın  Avropa üçün real təhlükə ehtimalını gücləndirir və Avropanı  ABŞ-dan daha asılı vəziyyətə salır. Nəticədə ABŞ-ın bütün tələbləri Avropa tərəfindən icra edilir. Ancaq artıq  Avropa ölkələri, xüsusən də Böyük Britaniya, Almaniya, Fransa Donald Trampa qarşı öz planlarını həyata keçirməyə başlayıb. Bu günlərdə Ukrayna prezidenti Zelenskini Londanda qarşılayaraq kollektiv Avropa dəstəyi nümayiş etdirməklə nəinki Rusiyaya, paralel olaraq Donald Trampa da sərt mövqelərini göstərdilər.
Proses onu göstərir ki, Avropa daha ABŞ-a, daha doğrusu Donald Tramp hakimiyyətinə etibar etmir. Avropa İttifaqı artıq ABŞ olmadan öz təhlükəsizliyini təmin etmək üçün praktik mərhələyə keçib. Baxmayaraq ki, diplomatik dildə həm ABŞ prezidenti, həm də Avropa liderləri və rəsmi nümayəndələri bir-birlərinə normal müttəfiqlik münasibətlərinin olduğunu səsləndirir. Şübhə yoxdur ki, Böyük Britaniya,  Almaniya və Fransa Avropanın  ABŞ-dan asılı olmayan təhlükəsizlik mexanizmini yarada bilər. Tarix də  Almaniyanın hansı hərbi qüdrətə malik ola biləcəyinə şahiddir. Türkiyənin də  Avropanın təhlükəsizliyində iştiraka  cəlb edilməsi mümkündür".
Onun sözlərinə görə, Rusiyanın  nəinki Avropaya, hətta keçmiş sovet respublikalarına təhlükə olacağı ehtimalı daha yüksəkdir: "Xüsusən də Rusiya Ukraynada istədiyi və Donald Trampın həyata keçirməyə çalışdığı Ukraynanın kapitulyasiyasından sonra Rusiyanın "SSRİ-nin bərpası"na əminliyi daha da güclənə bilər. Təsadüfi deyil ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bir neçə gün əvvəl Rusiyanın "SSRİ-nin bərpası" planlarının olmadığını desə də, Rusiya prezidenti Vladimir Putin dəfələrlə SSRİ-nin dağılması ilə barışmadığını və bunu özünün şəxsi faciəsi hesab etdiyini dilə gətirib. Ardınca isə Vladimir Putin çıxış edərək keçmiş sovet respublikalarının cəlb edildiyi hərbi blok- KTMT-ni daha da gücləndirmək niyyətində olduğunu bəyan edib. Əlbətdə, Rusiya hal-hazırda Ukraynada işğalçılıq müharibəsini SSRİ bayrağı ilə aparır. Söz yox ki, əgər Rusiya SSRİ-ni bu və ya digər adda bərpa etmək istəmirsə, onda Gürcüstandan (Abxaziya, Osetiya), Moldovadan, Ermənistandan və nəhayət Ukraynadan öz ordusunu çıxarmalıdır".

Dünyada gedən siyasi proseslərin Cənubu Qafqaza təsiri də inkar edilmir. Elə isə hazırda dünyada cərəyan edən hadisələrin regiona təsiri nədən ibarət ola bilər? Siyasi şərhçi Mürtəza Bünyadlı bildirib ki, Cənubi Qafqazda son illər formalaşan geosiyasi dinamika regionun gələcək təhlükəsizlik arxitekturasını tamamilə yenidən müəyyənləşdirir: "Azərbaycanın yaratdığı yeni reallıqlar və post-münaqişə mərhələsində formalaşdırdığı status-kvo təkcə regional deyil, həm də Avrasiya məkanında uzunmüddətli sülhə və əməkdaşlığa real töhfələr verir. Bu prosesin əsas siyasi-fəlsəfi çərçivəsini isə Prezidentin köməkçisi Hikmət Hacıyevin Doha Forumundakı çıxışları aydın şəkildə ortaya qoydu. Yeni status-kvo münaqişədən sülhə keçidin Azərbaycan modelidir.  Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni reallıq regionda 30 illik münaqişə dövrünə son qoyaraq sülhə əsaslanan inkişaf mərhələsini gündəmə gətirdi: "Hikmət Hacıyev bu reallığı "ədalətli sülhə əsaslanan yeni status-kvo" kimi xarakterizə edərək vurğulayıb ki, regionda sabitliyin bərpası artıq geridönməz xarakter alır. Bu yeni dönəmdə əsas məqsədə çevrilən amillər bunlardır: Dayanıqlı sülh və təhlükəsizlik modelinin qurulması; regional əməkdaşlığın genişləndirilməsi; Azərbaycan-Ermənistan münasibətlərində etimadın möhkəmləndirilməsi; Cənubi Qafqazın qlobal rəqabət platformasından əməkdaşlıq məkanına çevrilməsi. Bu yanaşma, Hikmət Hacıyevin sözləri ilə desək, sülhü yalnız hökumətlərarası sənəd deyil, həm də "xalqlar arasında uzunmüddətli, davamlı və geri dönməz etimad layihəsi"nə çevirməyi hədəfləyir. Hacıyev Cənubi Qafqazda mümkün tarixi sülh sazişini tez-tez "Kemp-Devid modeli" ilə müqayisə edir". 
"Kemp-Devid modeli"nə gəldikdə siyasi şərhçi qeyd edib ki, burada əsas məqsəd analoji olaraq regionda yeni təhlükəsizlik arxitekturasının qurulması, davamlı siyasi dialoqun təşkili və münaqişə risklərinin sıfıra endirilməsidir: "Hesab edilir ki, Ermənistanla əldə olunacaq tarixi Vaşinqton razılaşması regionun siyasi və geosiyasi çərçivəsini tamamilə dəyişəcək. Beləliklə münaqişə dövrünün qapanması; sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması; regional iqtisadi inteqrasiyanın başlanması; qlobal güclərin prosesə dəstəyi ilə yeni təhlükəsizlik platformasının qurulması təmin olunacaq. Bu saziş yalnız iki ölkənin deyil, bütövlükdə  Avrasiyanın enerji, nəqliyyat və təhlükəsizlik xəritəsini yenidən formatlayacaq bir addım kimi qiymətləndirilir. Göründüyü kimi Bakının mesajı aydındır: regional rəqabət deyil, əməkdaşlıq modeli; qlobal güclərin prosesə dəstəyinin vacibliyi; sülhün iqtisadi inteqrasiya ilə möhkəmləndirilməsi. Bu, həm regionun, həm də Avrasiya coğrafiyasının təhlükəsizliyinə töhfə verəcək. Həm də Cənubi Qafqazda yeni siyasi arxitekturanın bünövrəsi qoyulur. Artıq  Azərbaycanın formalaşdırdığı yeni reallıq və ardıcıl şəkildə həyata keçirdiyi sülh təşəbbüsləri regionun gələcəyini müəyyənləşdirən əsas faktora çevrilib.Yeni status-kvo Cənubi Qafqazı əməkdaşlıq və tərəfdaşlığın mərkəzinə çevirən siyasi reallıqlar üzərində qurulur. Bu isə yalnız region ölkələri üçün deyil, Avrasiya və qlobal təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyət daşıyır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31