Azərbaycan müasir nəqliyyat yollarının inkişafında əsas rol oynayır
20:02 İqtisadiyyatAzərbaycan Avropa ilə Asiya arasında müasir nəqliyyat və tranzit marşrutlarının inkişafında əsas rol oynayır.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) çərçivəsində keçirilən Azərbaycan-Özbəkistan Sənaye və İqtisadi Zonaları Forumunda bildirib.
O, Orta Dəhliz və Şimal-Cənub marşrutu da daxil olmaqla əsas beynəlxalq dəhlizlərin ölkə ərazisindən keçdiyini qeyd edib.
AZPROMO nümayəndəsi bildirib ki, strateji coğrafi mövqeyi sayəsində Azərbaycan regionda mühüm logistika və tranzit mərkəzinə çevrilir, çatdırılma müddətlərini azaldır və Çin, Orta Asiya, Qafqaz, Yaxın Şərq və Avropa arasında ticarət əlaqələrini genişləndirir.
S.Yəhyayeva vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası (FEZ) beynəlxalq ticarət və sənaye istehsalı üçün müasir multimodal infrastruktur formalaşdırır.
"Sənaye zonaları investorlara istehsal əməliyyatlarına başlamaq üçün hazır infrastruktur və güzəştli şərtlər təklif edir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və beynəlxalq nəqliyyat dəhlizlərinin yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası isə yüksək texnologiyalı və ixracyönümlü biznesin inkişafı üçün əlavə imkanlar yaradır", - deyə o bildirib.
S.Yəhyayeva qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsinin ikinci mərhələsi başa çatdıqdan sonra onun yük dövriyyəsi 25 milyon tona və ildə 500 min konteynerə çatacaq.