Zəngəzur dəhlizi-Azərbaycanın sülh strategiyasının mərkəzi elementi- ÖZƏL
14:29 Siyasət"Azərbaycanın müharibədə əldə etdiyi qələbəni sülhdə də davam etdirmək hədəfi bu gün ölkənin əsas regional gündəmini formalaşdırır. Rəsmi Bakının mövqeyinə görə, Cənubi Qafqaz artıq post-münaqişə dövrünə qədəm qoyub və hazırkı mərhələ "müharibədən sülhə, qələbəyə keçid" kimi xarakterizə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin Brüsseldəki son açıqlamaları da məhz bu yeni strategiyanın konturlarını ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Hacıyev xüsusilə Zəngəzur dəhlizinə diqqət çəkərək bunun Azərbaycanın münaqişədən sonrakı geosiyasi planlamasının əsas hissəsi olduğunu vurğulayır. Onun sözlərinə görə, bu marşrut təkcə regional kommunikasiya xətti deyil, həm də Azərbaycanın "dinc qələbə" strategiyasının praktiki təzahürüdür.

2026-cı ildə Azərbaycanın öz ərazisində dəhlizlə bağlı bütün infrastrukturun tamamlanması planlaşdırılır. Bu isə Bakıya həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat şəbəkələrinin kəsişmə nöqtəsi olmaq imkanı yaradır. Hacıyevin fikrincə, bu dəhliz Avrasiyanın nəqliyyat landşaftına transformativ təsir göstərəcək və regionda yeni iqtisadi dinamika formalaşdıracaq.
Azərbaycan-Aİ əlaqələrində yeni mərhələ
Bakının Zəngəzur dəhlizini yalnız regional infrastruktur layihəsi kimi deyil, həm də qlobal logistika xəritəsinin yeni damarlarından biri kimi təqdim etməsi təsadüfi deyil. Azərbaycan Avropa İttifaqını bu prosesin bir hissəsi kimi görmək niyyətini açıq şəkildə ifadə edir.
Aİ-nin "Qlobal Gateway" (Qlobal Qapı) təşəbbüsü Avropanın Asiya və Afrika ilə strateji bağlılığını gücləndirən infrastruktur və ticarət layihəsi Bakı üçün yeni əməkdaşlıq imkanları açır. Azərbaycan bu kontekstdə özünü Avrasiyanın enerji və nəqliyyat mərkəzi kimi təqdim edir və Avropa üçün alternativ, təhlükəsiz və dayanıqlı tranzit marşrutu rolunu oynamağa hazır olduğunu bildirir.
Bu yanaşma həm də Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli xarici siyasət kursunun məntiqi davamıdır.
Sülhün yeni tərifi: qarşılıqlı asılılıq və rifaha əsaslanan təhlükəsizlik modeli
Hacıyevin diqqət çəkdiyi mühüm məqamlardan biri sülhün təkcə "müharibənin olmaması" kimi deyil, rifah, inkişaf və qarşılıqlı asılılıq yaradan proses kimi dəyərləndirilməsidir. Bu yanaşma postsovet məkanında nadir yanaşmalardan biridir. Bu modelin elementləri- iqtisadi inteqrasiya və sərhədlərin açılması; kommunikasiya xəttlərinin reallaşdırılması; iki ölkə arasında yeni qarşılıqlı faydalı asılılıqların yaranması; regionun sabitlik və əməkdaşlıq üzərində qurulmasıdır.
Azərbaycan hesab edir ki, kommunikasiya şəbəkələrinin genişlənməsi, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub marşrutlarının birləşdirilməsi Ermənistanın uzun illər geoiqtisadi dalanda qalmasına son qoya və onu tranzit ölkəyə çevirə bilər.
Ermənistan üçün yeni reallıq: dalan vəziyyətdən tranzit potensialına
Hacıyev vurğulayıb ki, sülh təkcə iki ölkə arasında barışıq deyil, həm də qonşuların bir-biri üçün iqtisadi dəyərə çevrilməsi deməkdir. Azərbaycan Ermənistana məhz bu modeli təklif edir ki, dalan vəziyyətdən çıxaraq tranzit ölkəyə çevrilmək.
Bu isə yalnız Azərbaycanla deyil, həm də Avropa, Mərkəzi Asiya, Türkiyə, Rusiya və Çinlə inteqrasiya olunmuş yeni nəqliyyat sisteminə qoşulmaq anlamına gəlir. Əgər Ermənistan regional layihələrə qoşularsa, o zaman iqtisadi blokadadan çıxacaq, investisiya axınlarını cəlb edə biləcək, nəqliyyat rüsumları hesabına gəlir qazanacaq, regional əməkdaşlıqda yeni rol alacaq.
Bu isə həm regionda güvən mühitini gücləndirər, həm də sabitliyi uzunmüddətli edər.
Bakı üçün geosiyasi nəticə: sülhün memarı olmaq
Azərbaycanın post-müharibə strategiyası iki əsas xətt üzərində qurulur:
1. Regional liderlik və sabitləşdirici güc rolu
2. Yeni nəqliyyat arxitekturasının mərkəzi oyunçusu olmaq
Bu çərçivədə Bakı özünü enerji təminatçısı, nəqliyyat və logistika mərkəzi, regiondaxili sabitliyin təminatçısı kimi formalaşdırır. Zəngəzur dəhlizi isə bu arxitekturanın əsas sütun rolunu oynayır.
Rəsmi Bakı Cənubi Qafqazda post-müharibə dövrünün əsas konturlarını müəyyən edən aktora çevrilib. Müharibədə qazanılan qələbənin diplomatik, iqtisadi və kommunikasiya xəritəsində davam etdirilməsi isə region üçün yeni reallıq yaradır.
Hacıyevin açıqlamaları da onun sübut edir ki, Azərbaycan artıq hərbi qələbə mərhələsini arxada qoyub, indi sülhü institusionallaşdırmaq, regionda uzunmüddətli əməkdaşlıq və inteqrasiya yaratmaq, Avrasiyanın əsas nəqliyyat arteriyalarını öz vasitəsilə birləşdirmək kimi strateji hədəflərə fokuslanıb.
Bu isə Cənubi Qafqazın gələcək geosiyasətini uzun illər əvvəlcədən müəyyən edəcək".