İranla razılaşma benzini ucuzlaşdırır – Yeni RİSK
17:00 DünyaABŞ-da respublikaçılar İranla əldə olunan razılaşmanın neft və benzin qiymətlərini aşağı salacağına ümid etsələr də, bunun seçicilərin iqtisadi vəziyyətlə bağlı mənfi fikirlərini dəyişmək üçün kifayət edib-etməyəcəyi barədə fikir ayrılığı yaşayırlar.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşrinin yazarları Meqan Messerli və Skot Valdman birgə məqaləsində qeyd edib.
Müəlliflərin fikrincə, ABŞ-də benzinin qiyməti İran müharibəsi zamanı müşahidə olunan pik həddən sonra tədricən enməyə başlayıb. Hazırda bir qallon benzinin orta qiyməti 4 dollardan bir qədər yüksəkdir.
Respublikaçılar hesab edirlər ki, Hörmüz boğazının tam açılması bu prosesi sürətləndirə bilər. Lakin Ağ Evə yaxın olan bəzi respublikaçılar seçicilərin iqtisadi vəziyyətlə bağlı formalaşmış mənfi rəyinin artıq dəyişməsinin çətin olduğunu düşünürlər. "İqtisadi baxımdan seçicilərin əhvalını dəyişmək üçün artıq vaxt qalmayıb. Düşünürəm ki, bunun üçün gecdir. Amma yenə də əldə olunan hər müsbət nəticəni qəbul etməyə hazırıq", - deyə Ağ Evə yaxın respublikaçılardan biri anonimlik şərti ilə bildirib. Onun sözlərinə görə, respublikaçılar seçicilərə Trampın ilk prezidentlik dövründə iqtisadiyyatı yaxşılaşdırdığını və bunu yenidən edə biləcəyini anlatmağa çalışmalıdırlar.
"Politico" yazır ki, bütün bunlar İranla əldə olunmuş razılaşmanın davamlı olub-olmamasından da asılıdır. ABŞ və İran çərçivə sazişi imzalasalar da, sənədin tam mətni açıqlanmayıb. Buna görə də İranın nüvə proqramı ilə bağlı hansı öhdəlikləri götürdüyü və Hörmüz boğazının gələcək statusu ilə bağlı bir çox sual açıq qalır. Ağ Evin sözçüsü Kuş Desai isə bildirib ki, İran böhranı həll olunandan sonra enerji qiymətləri və inflyasiya daha da aşağı düşəcək. Trampın iqtisadi müşavirlərindən olmuş tanınmış iqtisadçı Stiven Mur hesab edir ki, əgər Tehran razılaşmanın şərtlərinə əməl etsə, noyabr seçkilərinə qədər Tramp siyasi üstünlük əldə edə bilər.
"Əgər iranlılar sazişə əməl etsələr, noyabr seçkilərində Tramp həm İran rejimini zəiflədən, həm də benzin qiymətlərini aşağı salan lider kimi təqdim oluna bilər. Bu, Respublikaçılar üçün siyasi yükü üstünlüyə çevirə bilər", - deyə Mur bildirib.Bununla yanaşı, demokratlar fərqli mövqe sərgiləyirlər. Demokrat strateq Con Anzalone hesab edir ki, seçicilər aylarla davam edən yüksək qiymətləri tez unutmayacaqlar. "Benzinin ucuzlaşması Bayden dövründə demokratlara kömək etmədi. İnsanlar uzun müddət yaşadıqları bahalılığı bir neçə həftəyə unutmurlar", - deyə o bildirib.