Paşinyan ABŞ-nin təlimatları ilə: 10 noyabr sənədi gündəmdən çıxarılır? – ÖZƏL
15:32 Siyasət"Ermənistan və Azərbaycan arasında münaqişə təxminən otuz ilə yaxın davam edirdi. 44 günlük Vətən müharibəsi isə bu problemi köklü şəkildə həll etdi. Müharibənin sonunda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat bu prosesdə əsas sənəd rolunu oynadı. Həmin sənədin müddəaları qismən icra olundu, Kəlbəcər və Ağdam rayonları döyüşsüz şəkildə Azərbaycana təhvil verildi. Lakin buna baxmayaraq, Ermənistan 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri hələ də tam şəkildə yerinə yetirmir. Ümumilikdə, Paşinyanı hakimiyyətə gətirən dairələr ona müəyyən təlimatlar verib. Həmin təlimatlardan biri Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və 10 noyabr sənədinin 9-cu maddəsini, yəni Zəngəzur dəhlizi ilə bağlı müddəanı gündəmdən çıxarmaq məqsədi daşıyır. Həmin maddəyə əsasən, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi qeyd edib ki, Paşinyanın fəaliyyəti bir daha göstərir ki, o, açıq şəkildə Qərbin, xüsusən də Amerikanın təlimatları əsasında hərəkət edir. Hazırda Zəngəzur dəhlizi ilə bağlı iki əsas sənəd mövcuddur: biri 10 noyabr bəyanatıdır (Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış), digəri isə 8 avqustda ABŞ-də imzalanmış Vaşinqton razılaşmasıdır. Paşinyan Zəngəzur dəhlizi məsələsində daha çox ABŞ-yə üstünlük verir və "Tramp layihəsi" adlanan bir təşəbbüsü gündəmə gətirir. Rusiya rəsmiləri isə açıq şəkildə bildirirlər ki, 10 noyabr sənədi hələ də qüvvədədir və gündəmdən çıxmayıb.
Bu iki sənəddən hansının siyasi çəkisi daha ağır olacaq?
10 noyabr sənədi 44 günlük müharibədən sonra imzalanıb və onun nəticəsində Kəlbəcər, Ağdam kimi rayonlar döyüşsüz azad olunub. Həmin sənəddə nəqliyyat kommunikasiyalarının açılması, xüsusilə də Zəngəzur dəhlizi məsələsi mühüm yer tutur.
Zəngəzur dəhlizi həm ABŞ, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır. Çünki bu dəhlizə kim nəzarət edəcəksə, həmin tərəf regionun və dolayısı ilə qlobal iqtisadi sistemin bir hissəsinə təsir imkanına sahib olacaq. Lakin bu məsələ təkcə Ermənistanın iradəsindən asılı deyil. Dəhlizin açılması üçün Ermənistan mütləq şəkildə Azərbaycanın şərtlərini qəbul etməlidir.
Yəni, Zəngəzur dəhlizinə istər ABŞ, istərsə də Rusiya nəzarət etsin, bu dəhlizin açılması Azərbaycanın razılığı və iradəsi olmadan mümkün deyil. Ermənistan Azərbaycanın əsas şərtini - Naxçıvana maneəsiz və təhlükəsiz keçidi təmin etməsə, Ermənistan ərazisindən nəqliyyat əlaqələrinin açılması da real olmayacaq.
Bu mənada, Zəngəzur dəhlizi formal olaraq Ermənistan ərazisindən keçsə də, onun siyasi taleyi Azərbaycanın şərtlərindən asılıdır. Ermənistan Azərbaycanın yaratdığı yeni siyasi reallıqlara uyğunlaşmalı, bu reallığı qəbul etməlidir.
"Hazırda Ermənistanda daxili siyasi gərginlik hökm sürür. 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkənin gələcək istiqamətini müəyyən edəcək. Əgər Paşinyan hakimiyyətdə qalarsa, böyük ehtimalla Zəngəzur dəhlizinin ABŞ nəzarətinə verilməsi istiqamətində addımlar atacaq. Əgər müxalifət hakimiyyətə gələrsə, 10 noyabr sənədinin müddəaları yenidən gündəmə gələ bilər.
Bu baxımdan, Zəngəzur dəhlizinin yaxın vaxtlarda ən azı bu il ərzində açılması real görünmür. Onun taleyi birbaşa 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdən və həmin seçkilərdə qalib gələcək siyasi qüvvənin xarici siyasət kursundan asılı olacaq," - deyə ekspert əlavə edib.
A. Məsiyevin sözlərinə görə, Ermənistanın gələcək taleyi, ümumiyyətlə, onun qonşularla münasibətlərinə bağlıdır. Əgər Ermənistan qonşuları ilə, xüsusilə Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamaq prinsipini qəbul edərsə, o zaman ölkənin inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası mümkün ola bilər.
Ermənistan Çin və Orta Asiya ilə iqtisadi əlaqələr qurmaq istəyirsə, bunun üçün mütləq şəkildə Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Eyni zamanda, Avropa iqtisadiyyatına inteqrasiya etmək üçün Türkiyə ilə münasibətləri bərpa etməsi vacibdir. Yəni, Ermənistanın gələcək taleyi birbaşa onun qonşuları Azərbaycan, Türkiyə və qismən də Rusiya ilə münasibətlərindən asılıdır. Zəngəzur dəhlizinin də taleyi, böyük ehtimalla, 2026-cı ildə keçiriləcək parlament seçkilərində formalaşacaq yeni hakimiyyətin geosiyasi istiqamətindən asılı olacaq.
"Ermənistan tarixən böyük güclərin təsiri altında olub və müstəqil siyasət aparmaqda çətinlik çəkib. Əgər bu ölkə həqiqətən suveren və müstəqil dövlət kimi formalaşmaq istəyirsə, o zaman öz qonşuları ilə sağlam münasibətlər qurmalı, regionda dinc yanaşı yaşama prinsipinə əməl etməlidir," - deyə siyasi şərhçi vurğulayıb.
Sevda Dəniz