Erol Güven: Məqsədimiz tələbələri həm də həyata hazırlamaqdır - MÜSAHİBƏ-ÖZƏL
20:48 Müsahibə"Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Rauf Denktaş Universiteti beynəlxalq təhsil imkanları və tələbəyönümlü yanaşması ilə diqqət çəkir"
Müsahibimiz Bakıda səfərdə olan Rauf Denktaş Universitetinin Beynəlxalq Əlaqələr üzrə direktoru Erol Güvendir.
- Erol bəy, Rauf Denktaş Universitetini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
- Rauf Denktaş Universitetini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun gənc, dinamik və inkişafyönümlü akademik quruluşa malik olmasıdır. Universitetimiz 2015-ci ildə fəaliyyətə başlayıb və qısa müddətdə özünəməxsus inkişaf strategiyası formalaşdırıb. Əsas məqsədimiz proqram müxtəlifliyini artırmaq, tələbələrimizi gələcəyin tələblərinə uyğun peşəkar kadrlar kimi yetişdirmək və onların uğurlu karyera qurmasına dəstək olmaqdır.
Universitetimiz Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşanın mərkəzində, tarixi Suriçi bölgəsində yerləşir. Bu bölgə tələbələrə həm akademik, həm də sosial baxımdan geniş imkanlar təqdim edir. Tələbəyönümlü idarəetmə modelimiz, açıq qapı siyasətimiz və tələbələrin universitet rəhbərliyi ilə birbaşa ünsiyyət qura bilməsi də bizi fərqləndirən əsas cəhətlərdəndir.
Hazırda 36 fərqli ölkədən tələbənin təhsil aldığı universitetimiz beynəlxalqlaşma istiqamətində fəaliyyətini davam etdirir. Yeni akkreditasiyalar, tələbə və müəllim mübadilə proqramları, beynəlxalq əməkdaşlıqlar və qlobal tanınmanın artırılması əsas hədəflərimiz sırasındadır. Eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinin qurucu lideri Rauf Raif Denktaşın adını daşımaq bizim üçün böyük məsuliyyət və qürur mənbəyidir.
- Universitetinizin təhsil fəlsəfəsini necə xarakterizə edərdiniz? Bu gün tələbələrə yalnız diplom deyil, hansı bacarıqları qazandırmağa çalışırsınız?
- Universitetimizin əsas təhsil fəlsəfəsi tələbələri yalnız məzuniyyətə deyil, məzun olduqdan sonrakı həyata hazırlamaqdır. Bu məqsədlə biz beynəlxalq əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli məzunlar yetişdirməyə xüsusi önəm veririk.
Tədris proqramlarımız hazırlanarkən nəzəri biliklərlə yanaşı praktik təcrübənin də tələbələrə qazandırılmasına diqqət yetirilir. Məqsədimiz tələbələrin həm akademik biliklərə yiyələnməsini, həm də əldə etdikləri bilikləri real iş mühitində tətbiq edə bilməsini təmin etməkdir.
Biz özümüzü yalnız təhsil verən bir qurum kimi görmürük. Tələbələrimizin sosial inkişafına, liderlik keyfiyyətlərinin formalaşmasına, sağlam ünsiyyət bacarıqlarının inkişafına və cəmiyyətə uğurlu inteqrasiyasına dəstək oluruq. Hər bir tələbəmizi gələcəyin lideri, mühəndisi, iqtisadçısı, həkimi və ya dövlət xadimi kimi qiymətləndirir, onların potensialını üzə çıxarmağa çalışırıq. Qısacası, universitetimizin təhsil fəlsəfəsi yalnız diplom vermək deyil, hərtərəfli inkişaf etmiş fərdlər yetişdirməkdir.
- Azərbaycanlı tələbələrin Rauf Denktaş Universitetinə marağı hansı səviyyədədir? Onların universitet həyatına və akademik uğurlarına dair müşahidələriniz nələrdir?
- Azərbaycanlı tələbələrin universitetimizə marağı ildən-ilə artır. Azərbaycana artıq ikinci dəfədir səfər edirik və müxtəlif məktəblərdə, təhsil müəssisələrində seminarlar keçirərək universitetimizi tanıdırıq. Bu görüşlər zamanı həm tələbələrdən, həm də müəllimlərdən böyük maraq və dəstək görürük.
Universitetimizdə təhsil alan azərbaycanlı tələbələrin akademik göstəricilərindən və universitet həyatına uyğunlaşmalarından məmnunuq. Onlar dərslərdə fəal iştirak edir, müəllimlərlə səmərəli münasibətlər qurur və universitetin inkişafı ilə bağlı dəyərli təkliflər irəli sürürlər.
Azərbaycanlı tələbələrin yeni mühitə uyğunlaşmasını asanlaşdırmaq üçün xüsusi dəstək proqramları həyata keçiririk. Qeydiyyatdan başlayaraq yataqxanaya yerləşdirilmə, gündəlik ehtiyacların qarşılanması və sosial adaptasiya prosesində onların yanında olmağa çalışırıq. Bundan əlavə, Şimali Kiprdə yaşayan geniş azərbaycanlı icması da tələbələrin özlərini evlərindəki kimi hiss etmələrinə kömək edir.
- Xaricdə təhsil almağı planlaşdıran azərbaycanlı gənclərə hansı tövsiyələri vermək istərdiniz?
- Xaricdə təhsil almaq yalnız akademik bilik qazanmaq deyil, eyni zamanda fərqli mədəniyyətləri tanımaq, dünyagörüşünü genişləndirmək və şəxsi inkişaf üçün mühüm imkanlar əldə etmək deməkdir. Buna görə də gənclərə tövsiyəmiz odur ki, təhsil almaq istədikləri ölkəni və universiteti seçməzdən əvvəl ətraflı araşdırma aparsınlar.
Qərar verərkən ilk növbədə təhlükəsizlik, sosial mühit, iqtisadi imkanlar və təhsil keyfiyyəti kimi amillərə diqqət yetirmək vacibdir. İmkan olduqda universiteti və şəhəri yerində görmək, müəllim və tələbələrlə görüşmək daha doğru seçim etməyə kömək edir.
Şimali Kipr təhlükəsizliyi, rahat yaşayış şəraiti, əlverişli iqlimi və zəngin tələbə həyatı ilə xarici tələbələr üçün cəlbedici məkanlardan biridir. Lakin hansı ölkə seçilməsindən asılı olmayaraq, gənclər öz gələcəkləri ilə bağlı qərarı məlumatlı şəkildə və ciddi araşdırma əsasında verməlidirlər. Bu, həm onların təhsil həyatına, həm də gələcək karyeralarına müsbət təsir göstərəcəkdir.
İbrahim Məmmədli


