Paşinyan “qüvvədən düşüb” deyir, Rusiya hələ də qarantı rolunda- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyi 10 noyabr razılaşmasının 5 illiyini xatırladaraq sənədin hələ də qüvvədə olduğunu və regionda sülhə xidmət etdiyini bildirib. Nazirlik qeyd edib ki, 2020-ci il 10 noyabr və sonrakı üç sənəd Azərbaycan-Ermənistan sülh prosesinin əsas yol xəritəsidir. Bununla belə, Ermənistan Baş Naziri Nikol Paşinyan sənədin artıq qüvvədən düşdüyünü bildirmişdi, amma Rusiya hələ də əsas vasitəçi və sülh qarantı rolunu vurğulayır.

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

"Beynəlxalq sənədlər, öhdəliklər elə bir məsələdir ki, onu bir tərəf ürəyi  istədiyi vaxtdan çıxa bilməz və yaxud da fəaliyyətini biz tanımırıq deyə bilməz. Buna ən son nümunəni   Rusiya etdi-beynəlxalq öhdəlikləri tapdaladı və Ukraynada işğal əməliyyatlarına başladı. Onun nə qədər sanksiyalara məruz qaldığını, nə qədər tərəfləndiyini gördük. Beynəlxalq ictimaiyyətlərdən, sivil cəmiyyətlərdən və sosial quruluşlardan uzaq düşməsini də müşahidə etdik. İndi Rusiyanın daxili resursları həmin sanksiyalardan və beynəlxalq təzyiqlərdən təsirlənərək müəyyən nəticələr verir, bu, başqa məsələdir. Amma nəticə etibarilə, üzərimizə götürdüyümüz, hər hansı bir dövlətin öz üzərinə götürdüyü öhdəliklərdən qanunsuz olaraq, necə gəldi imtina etməsi yolverilməz və arzu olunmaz bir haldır. 10 Noyabr razılaşması üçtərəfli müqavilə olduğundan, Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər desə ki, biz tanımırıq və ya qüvvədən düşmüş hesab edilir, bunun üçün hər üç tərəfin razılığı mütləqdir. Burada bir nüans var ki, həmin müqavilədən sonra yeni müqavilələr və razılaşmalar imzalanıb. Vaşinqton razılaşmasını da nümunə göstərmək olar. Bu halda ön plana çıxan məsələ odur ki, bir müqavilə digərini ləğv etməkdən və ya sıradan çıxarmaqdan ziyadə prosesin işləkliyini artırmaq və sürətləndirmək məqsədi daşıyır. Bu nöqtədə bütün tərəflər pozucu əməllərdən deyil, inşaedici, prosesi sürətləndirici addımlardan çıxış etməlidir. Sırf 10 Noyabr razılaşmasının qüvvədən düşməsi məsələsinə gəldikdə, bu perspektivdə işləməyən bir layihədir. Amma bunun rəsmi olaraq qüvvədən düşməsi üçün hər üç tərəf razılaşmalıdır və ortaq qərar açıqlanmalıdır. Yalnız bu halda biz bunu rəsmi şəkildə qüvvədən düşmüş hesab edə bilərik.
Amma dediyim kimi, onsuz da prosesin gedişi onu göstəririr ki, razılaşma öz effektliyini sübut edə bilməyib. 
Rusiya bir növ Cənubi Qafqazda öz təsirini itirməməyə çalışır. Başa düşür ki, bir zamanlar Rusiyanın əlaltısı olan Ermənistan dövləti vardı, orada rusmilli iqtidarlar mövcud idi və onlar Moskvadan gələn sifarişləri həyata keçirirdilər. Nikol Paşinyan iqtidarı isə qərbmilli fəaliyyət göstərdiyindən, Rusiya indi təzyiq vasitələrindən istifadə edərək öz xarici siyasətində maraqlarını qorumaq üçün effektiv bir yol seçir. Bu həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi bir xatırlatmadır. Müasir diplomatiyada təzyiq və təhdiddən daha çox yumşaq vasitələr effektlidir. Əgər Rusiya region ölkələri ilə əməkdaşlığı qoruyub saxlamaq istəyirsə, yumşaq vasitələrdən istifadə etməlidir. Səhv diplomatiya artıq bir halda effektiv olur, hərbi müdaxilə ilə təcavüz etmək.  Rusiya bunu planlayırmı? İndiki vəziyyətdə Rusiyanın ikinci və üçüncü cəhdlərə ehtiyacı yoxdur. Onun məqsədi sırf regional təsirlərini qoruyub saxlamaqdır. Buna görə Rusiya başa düşməlidir ki, Azərbaycanın təqdim etdiyi yol xəritəsi daha effektivdir, qarşılıqlı etimada və hörmətə əsaslanan, bərabər hüquqlu münasibətlər daha effektiv nəticələr verə bilər.
Gələcəkdə Rusiyanın xarici siyasət addımlarında dəyişikliklər ola bilər, amma mən düşünürəm ki, Rusiya ənənəvi siyasətindən- sərt retorikadan çıxış etməyə davam edəcək. Ona görə də region ölkələri öz xarici siyasətlərində bu məqamı xüsusi diqqətdə saxlamalıdırlar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31