Müsavatla AXCP necə bağlanacaq? – Prosedur məlum oldu
31 Oktyabr 18:15 SiyasətAzərbaycan böyük dəyişikliklər ərəfəsindədir. Bu dəyişiklik daxili amillərə də şamil edilir. Ölkəmiz tamam yeni mərhələyə qədəm qoyur. Qlobal yanaşmalar, geopolitik reallıqlar, regional şərtlər bu dəyişikliyi qaçılmaz edir.
Bu şərtlər iqtisadiyyatdan siyasətə, mediadan diplomatiyaya, logistikadan ideologiyaya qədər hər sahəni əhatə edir. Zəfərin 5-ci ili ərəfəsində bu mövzunun aktuallaşması təsadüf sayıla bilməz. Görünən budur ki, yeni və daha böyük mərhələyə keçid baş verir.
Bu yolda dövlətə mane olan, gələcəyə gedən yolda problem yaradan bütün amillər aradan qaldırılmalıdır. Bunun əlamətləri açıq şəkildə görünür. Azərbaycan 5 illik mərhələni yekunlaşdırıb, müharibə ovqatından çıxıb, yeni üfüqlərə açılmaq xətti götürüb. Bu vacib missiyanın həyata keçirilməsi üçün isə yeni resurslar lazımdır.
İndiki məqamda dövlətə mane olan, gələcəyə gedən yolda problem yaradan amillərdən biri də AXCP, Müsavat partiyalarıdır. Hesab edirəm, bu partiyaların bağlanmasının vaxtı çatıb. Sözügedən partiyalar həm yeni dövrün şərtləri ilə ayaqlaşa bilmir, həm də dövlətin özü üçün ciddi təhlükə ehtiva edir.
AXCP və Müsavatın bağlanması qanuni və demokratik prosedurlar çərçivəsində həyata keçirilə bilər. Azərbaycan Konstitusiyasına və Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununa görə, bu, mümkündür.
Misal üçün, qeydiyyatdan keçmiş partiya uzun müddət fəaliyyət göstərməzsə və qanuni tələbləri pozarsa, Siyasi Partiyalar Qanununun 22-ci maddəsinə əsasən məhkəmə qərarı ilə bağlana bilər. Başqa cür desək, partiya 3-5 il ərzində heç bir fəaliyyət göstərməyibsə və maliyyə hesabatlarını təqdim etməyibsə, bağlanma hüquqi baxımdan mümkündür. Məlum olduğu kimi, AXCP və Müsavat artıq uzun illərdir ki, ölkədə keçirilən istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edir. Maliyə hesabatının təqdim edilməsindən söhbət belə getmir.
Bu partiyaların bağlanmasını mühüm edən digər bir faktda Ramiz Mehdiyev olayıdır. Bir sıra müxalifət partiyalarının və onların rəhbərlərinin R.Mehdiyevlə gizli əlaqələrinin olduğu haqda məlumatlar yayılıb. Sabiq PA rəhbərinin Rusiyaya ünvanladığı məktub ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi "Dövlət Şurası"nda kimlərin yer aldığı məsələsi haqda da bəzi detallar bilindi. Sən demə, yeni "komandasında" siyasi-ideoloji düşmənləri sayılan AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də yer alıb. Bu isə hər iki tərəfin nə qədər prinsipsiz olduğunu üzə çıxardır. Demək, hakimiyyət maraqları sığındıqları dəyərləri ayaqlar altına atmağa qadirdir.
Əli Kərimlinin və Gültəkin Hacıbəylinin uzun illər ölkənin siyasi və ideoloji həyatında söz sahibi olmuş Ramiz Mehdiyevlə eyni platformada yer almaq imkanını dəyərləndirməsi ilk baxışda paradoks kimi görünə bilər. Lakin ideoloji və siyasi fərqliliklər birgə məqsəd qarşısında ikinci plana keçə bilir. Yəqin bunlar "düşmənimin düşməni dostumdur" məntiqindən yola çıxıblar.
Ramiz Mehdiyevin dövlət çevrilişi və "Dövlət Şurası" təşəbbüsü, radikal müxalifətlə əlaqələrinin yalnız təsadüfi və ya şəxsi maraqlardan doğmadığını, daha çox strateji hesablamaların nəticəsi olduğunu göstərir. Uzun illər hakimiyyətə gəlmək arzusu ilə hərəkət edən bəzi müxalifət nümayəndələri dövlətin ideoloji və siyasi mərkəzində mövqe sahibi olmuş bir şəxslə ittifaq qurub həm öz mövqelərini gücləndirməyə, həm də uzunmüddətli siyasi məqsədlərinə çatmağa çalışması təəccüblü deyil.
Bu vəziyyət göstərir ki, siyasətdə ideoloji sərhədlər bəzən mövcud ola bilər, amma strateji maraqlar və situasiyaya uyğun adaptasiya bu sərhədləri aşmağa vadar edir. Ramiz Mehdiyevin Əli Kərimli ilə gizli əlaqələri haqda indiyə kimi çox deyilib, yazılıb. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərin dayandırılması da bunu təsdiq edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin "ana müxalifət" və "hakimiyyətə təhdid yaradacaq gücə malik olması" haqqında illüziya yaradılır, mitinq və piketlərlə gündəmdə saxlanılırdı. Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə mövcud idi. Ramiz Mehdiyevin AMEA rəhbərlik etdiyi zamanlarda Əli Kərimli lehinə yazıların olması da sirr deyil.
Əli Kərimli açıq şəkildə Ramiz Mehdiyev ilə birlikdə Konstitusiyanın 109-cu və Siyasi Partiyalar Qanununun 26-cı maddəsini, dövlətin suverenliyi və ərazi bütövlüyünə zidd fəaliyyət ilə kobud şəkildə pozub.
Bura qədər deyilənlərə əks arqument bəlkə vermək olardı. Lakin son günlər Əli Kərimli tərəfdarlarının fəallaşması yuxarıda deyilənləri bir daha təsdiqləyir. "Siyasi partiyalar haqqında" qanunun 26-cı maddəsinə əsasən, siyasi partiyalar Konstitusiya və digər qanunlara zidd fəaliyyət göstərə bilməz. Məsələn, əgər partiya zorakılığı təşviq edir və ya terrorçuluğu dəstəkləyirsə, məhkəmə qərarı ilə fəaliyyətinə son verilə bilər. Son zamanlar Əli Kərimli tərəfdarlarının etdiyidə tam olaraq budur.
Təcrübə göstərir ki, təhlükənin yaxınlaşdığını hiss etdikdə insan daha aktiv və müdafiəçi davranır. Əli Kərimli tərəfdarlarının fəallaşmasının arxasında da açıq şəkildə həm panik refleksi, həm də qoruma təlimatı dayanır. Onlar liderlərinin planının ifşa edilməsi və ya Ramiz Mehdiyevlə əlaqələrinin gündəmə gəlməsi ilə "hücum altında olduqlarını" hiss edirlər. Bu isə onları sosial mediada daha görünən və müdafiəçi mövqe tutmağa məcbur edir. Yəni göründüyü kimi, Əli Kərimli və Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin siyahısında olması o qədər də təəccüblü və qeyri-real deyil.
Hazırda Azərbaycan üçün əsas təhlükə məhz bu birləşmələrdən doğur. İstisna deyil ki, bəhs etdiyimiz təhlükə daha böyük, daha dərin qatları var. Yenə istisna deyil ki, kölgədə gizlənən iştirakçılar var. Axı R.Mehdiyevin 50 nəfərdən ibarət yaratmaq istədiyi "Dövlət Şurası"nda adı bizə bəlli olmayan 48 şəxs daha var.
Bu 48 şəxsin adı bəlli olmasada AXCP və Müsavat kimi siyasi platformalar isə indiki məqamda əsas baza rolundadır. Təsadüfi deyil ki, vaxtilə feminist və "no war" maskasına bürünmüş qruplar xarici maraqların məhsulu olaraq bu siyasi platformalar üzərindən alətə çevrilmişdi. Buna görə də bu vəziyyət, dövlətin hərəkətə keçməsini zəruri edir. İstənilən gecikmə ideoloji və siyasi nüfuz itkisi ilə nəticələnə bilər.
Bu həm də vətəndaş çağırışıdır. Çünki dövlətin əsas vəzifəsi öz xalqını, milli kimliyini və suverenliyini qorumaqdır. Xarici maraqların təsirinə məruz qalan siyasi qruplara qarşı sərt addımlar atmaq nəticədə dövlətin davamlılığını və stabilliyini təmin edir. Bu baxımdan, AXCP, Müsavat və digər xarici təsirə alət olmuş qrupların fəaliyyətinin dayandırılması ideoloji və siyasi suverenliyi qorumaq üçün zəruri və legitim addımdır. Onu da qeyd edim ki, 44 günlük vətən müharibəsi başlayarkən yalnız AXCP, Müsavat hökümətə dəstək nümayiş etdirməmişdi.
Məsələ ondadır ki, bənzər hadisələr bir çox ölkədə baş verib və bir çox ölkələr müvafiq tədbirlər görüb. Məsələn, Türkiyə uzun illərdir daxili təhdidlərə qarşı sistemli mübarizə aparır. Xüsusi ilə böyük şəhərlərdə bələdiyyələrə qarşı hüquqi iddiaların qaldırılması dövlətin ideoloji və siyasi dayaqlarını qorumaq üçün qətiyyətli addımların nümunəsidir.
ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən dərhal sonra ilk iş kimi dövlətin ideoloji təhlükəsizliyinə diqqət ayırdı. Yeni və ənənəvi media vasitələri ilə aparılan informasiya hücumları ölkənin daxili stabilliyini təhdid edirdi. Trampın korrupsiyaya batmış və xarici təsir agentlərinin yuvasına çevrilmiş yan təşkilatları sıradan çıxarma səyləri faktiki olaraq dövlətin daxilində suverenliyi bərpa etməyə yönəlmiş ideoloji müdafiə mexanizmi idi. Bu təcrübə göstərir ki, ideoloji suverenlik həm də dövlətin informasiya məkanına nəzarətində təzahür edir.
Qazaxıstan və Özbəkistan da milli təhlükəsizlik və ideoloji müstəqilliyi qorumaq üçün xarici təsiri neytrallaşdırmaq istiqamətində ciddi addımlar atıb. Qazaxıstanda xariclə bağlı kadrların təmizlənməsi ölkənin milli siyasətinə yönəlik xarici təsirlərin minimuma endirilməsi məqsədini daşıyırdı. Özbəkistanda isə Şavkat Mirziyoyev dövründə radikal dini şəbəkələr, köhnə sovet nomenklaturasının qalıqları və Rusiyaya bağlı məmur qrupları ardıcıl şəkildə neytrallaşdırılıb.
Çində də analoji addımlar atılır. Belə ki, bir neçə ildir ki, kiber suverenlik konsepsiyası işə salınıb. Bu konsepsiya dövlətin informasiya axınına nəzarət etməsi, milli təhlükəsizliyi informasiya sahəsi ilə təmin etməsi və xarici təsirlərin qarşısını alması məqsədini daşıyır. Pekin təcrübəsi göstərir ki, texnologiya həm iqtisadi, həm də ideoloji müstəvidə dövlətin əsas dayaqlarını qorumaq üçün effektiv vasitədir.
Bu gün dövlətin ideoloji sərhədlərini qorumaq üçün yalnız reaksiya göstərmək kifayət deyil, daxildəki və xaricdəki anti-Azərbaycan ünsürlərin neytrallaşdırılması və onların fəaliyyətinin dayandırılması zəruridir. Bunun üçün isə ilk iş kimi AXCP və Müsavat partiyaları bağlanmalıdır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
 
    