Azad Məsiyev: “Cənubi Qafqaz qlobal mübarizənin ikinci mərkəzidir” – ŞƏRH – ÖZƏL
16:36 Siyasət"Beynəlxalq aləmdə hazırda ABŞ ilə Rusiya arasında qlobal səviyyədə bir savaş gedir. Bu savaş təkcə siyasi deyil, həm də iqtisadi və hərbi xarakter daşıyır. Əgər bu mübarizənin birinci mərkəzi Ukraynadırsa, ikinci mərkəzi şübhəsiz ki, Cənubi Qafqazdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, ABŞ və NATO bloku artıq Rusiyanı açıq şəkildə düşmən elan edib. Rusiyanın hərbi gücü, təbii sərvətləri və geniş əraziləri ABŞ üçün ciddi təhlükə hesab olunur. ABŞ-nin əsas məqsədi bu təhlükəni aradan qaldırmaq, yəni Rusiyanı qlobal sistemdə zəiflətmək və dünya siyasətindən təcrid etməkdir. Hakimiyyətə gələn istənilən ABŞ siyasi partiyası - kimliyindən asılı olmayaraq bu strategiyaya xidmət etməlidir. Əks halda, həmin siyasi qüvvənin hakimiyyəti uzunömürlü ola bilməz.
"Rusiya-Ukrayna savaşı ilə əlaqədar olaraq Moskvanın Avropa ilə əlaqələri xeyli dərəcədə zəifləyib. ABŞ isə uzun illərdir Rusiyanı həm siyasi, həm də iqtisadi sistemdən təcrid etmək istəyir. Bu baxımdan Cənubi Qafqaz Vaşinqton üçün mühüm hədəf zonasıdır.
ABŞ üçün məqsəd Rusiyanın "Cənub cinahını" bağlamaq, yəni onun Cənubi Qafqaz vasitəsilə Yaxın Şərqə və Hind okeanına çıxış imkanlarını məhdudlaşdırmaqdır. Rusiya üçün bu istiqamət strateji əhəmiyyət daşıyır, çünki o, Cənubi Qafqaz üzərindən İran körfəzinə, oradan isə Hind okeanına çıxmaq niyyətindədir. Əgər Zəngəzur dəhlizi açılsa, Rusiya Azərbaycan üzərindən Türkiyəyə dəmir yolu əlaqəsi qura bilər," - deyə A. Məsiyev fikirlərinə əlavə edib.
Ekspert əlavə edib ki, Birləşmiş Ştatlar bu regiondakı üç respublikanı - Azərbaycan, Gürcüstan və Ermənistanı öz təsir dairəsinə salmağa çalışır. Xüsusilə də bu siyasəti Ermənistan üzərindən həyata keçirir. Nikol Paşinyan hakimiyyətə gətirilərkən qarşısına konkret məqsəd qoyulmuşdu: Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək. O, bu öhdəliyi sadiq şəkildə yerinə yetirir. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot edib, 10 noyabr razılaşmasının 9-cu bəndində göstərildiyi kimi, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsinə qarşı çıxıb. Bunun əvəzində o, Zəngəzur dəhlizini ABŞ-nin himayəsinə verməyə çalışır.
"Zəngəzur dəhlizi təkcə regional deyil, həm də qlobal iqtisadi və siyasi əhəmiyyətə malikdir. Orta dəhlizin bir qolu kimi, bu marşruta kim nəzarət edirsə, dünya iqtisadi sisteminə təsir imkanına malik olur. Məsələ sadəcə Azərbaycan-Naxçıvan əlaqəsi deyil; burada qlobal iqtisadi güc balansından söhbət gedir. Zəngəzur dəhlizi həm də Rusiya üçün mühüm strateji istiqamətdir. Çünki bu dəhliz vasitəsilə Moskva "Şimal-Cənub" nəqliyyat dəhlizinə çıxış əldə edir: yəni Azərbaycan üzərindən İrana, oradan da Hind okeanına. Eyni zamanda bu yol Rusiyaya Türkiyə ilə də əlaqə imkanı verir.
Bu məsələdə iki sənəd önə çıxır: biri 10 noyabr bəyanatıdır (Zəngəzur dəhlizi ilə bağlı), digəri isə 8 avqustda ABŞ-də imzalanmış sənəddir. Paşinyanın apardığı siyasət balanslaşdırılmış deyil; əksinə, qlobal güclərin maraqlarını toqquşduraraq regionda destabilizasiya yaradır," - deyə siyasi şərhçi bildirib.
Azad Məsiyev vurğulayıb ki, tarixən Ermənistan daim böyük güclərin əlində alətə çevrilib. Vaxtilə Rusiyanın təsiri altında olan Ermənistan bu gün ABŞ-nin əlində eyni rolu oynayır. Əgər Ermənistan doğrudan da müstəqil dövlət olmaq istəyirsə, böyük güclərin təsirindən uzaqlaşıb, qonşuları xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməlidir.
"Qlobal miqyasda ABŞ ilə Rusiya arasında maraq savaşı davam edir. Əgər ABŞ Rusiya-Ukrayna müharibəsində daha yumşaq mövqe tutarsa, Rusiya müəyyən güzəştlər müqabilində Cənubi Qafqaz məsələsində, o cümlədən Zəngəzur dəhlizində kompromisə gedə bilər. Amma əgər Vaşinqton Ukraynaya hərbi-siyasi dəstəyi artıraraq Rusiyanın şərtlərinə qarşı çıxmağa davam edərsə, bu halda Moskva da regionda ABŞ maraqlarına qarşı sərt addımlar ata bilər. Bu, nəticə etibarilə bölgədə sabitliyi pozacaq.
Ermənistanın gələcəyi, xüsusilə də Zəngəzur dəhlizi məsələsinin taleyi 2026-cı ildə ölkədə keçiriləcək seçkilərdən asılı olacaq. Əgər hakimiyyət dəyişərsə, regionda yeni siyasi vəziyyət yarana bilər. Unutmaq olmaz ki, Zəngəzur dəhlizinin açılması yalnız Ermənistanın iradəsindən asılı deyil, bu məsələ birbaşa Azərbaycanın şərtlərinə bağlıdır. Əgər Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə, Bakı nəqliyyat infrastrukturunu bağlı saxlayaraq Ermənistanı dünya iqtisadi sistemindən təcrid edə bilər. Bu halda Ermənistan dalana dirənəcək.
Əgər İrəvan Azərbaycanın təklif etdiyi şərtləri qəbul edərsə, o zaman regionda nəqliyyat əlaqələri açılar, Ermənistan da beynəlxalq iqtisadi sistemə inteqrasiya imkanı qazanmış olar. Əks halda, Zəngəzur dəhlizi sual altında qalacaq və Azərbaycan alternativ olaraq "Araz dəhlizi" layihəsini gündəmə gətirə bilər," - deyə ekspert açıqlamasında bildirib.
Siyasi şərhçinin fikrincə, Paşinyanın apardığı siyasət region üçün təhlükəlidir. O, qlobal güclərin maraqlarını Cənubi Qafqazda toqquşduraraq gərginliyə səbəb olan addımlar atır. Zəngəzur dəhlizi isə Orta Dəhlizin bir hissəsi kimi beynəlxalq əhəmiyyət daşıyır və bu səbəbdən Rusiya ilə ABŞ bu marşruta təsir imkanlarını artırmaq uğrunda ciddi mübarizə aparır.
Ekspert sonda qeyd edib ki, əgər məsələ qlobal səviyyədən regional çərçivəyə endirilsə, yəni qərarları bölgə ölkələri - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, İran və Rusiya (3+3 formatı) - birgə şəkildə versə, bu, regionda daha real sabitliyin yaranmasına xidmət edə bilər. Qlobal güclərin maraqlarını toqquşdurmaqla Cənubi Qafqazda sülh və təhlükəsizlik yaratmaq mümkün deyil.
Sevda Dəniz
 
    