NATO-nun Azərbaycana səfəri: məqsəd təcrübə mübadiləsidir, ittifaqa qoşulmaq yox- ÖZƏL

NATO-da akkreditə olunmuş 15 ölkənin səfirlərindən ibarət nümayəndə heyəti noyabrın 6-7-də Azərbaycana səfər edəcək. Bu səfər səfirlərin sentyabrda Ermənistana səfərindən sonra baş tutur. Son aylarda Azərbaycan-NATO əməkdaşlığı intensivləşib, iyulda Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO ekspertləri arasında işçi görüş keçirilib. Rusiya mediası bu yaxınlaşmanı narahatlıqla qarşılayır. XİN nümayəndəsi Mariya Zaxarova isə Azərbaycanın və Ermənistanın NATO ilə əməkdaşlığını region sabitliyi üçün risk adlandırıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan, eləcə də Ermənistanın NATO ilə əlaqələri hələ bu ölkələr müstəqilliyini qazandığı ilk illərdə müəyyən səviyyədə inkişaf etməyə başlamışdı. Yəni, NATO ilə Azərbaycan arasında da, Ermənistan arasında da ikitərəfli anlaşmalar var idi. Hər iki tərəf tərəfdaşlıq və genişlənmə proqramlarında iştirak edirdi və bunun məntiqi nəticəsi olaraq həm Azərbaycan, həm də Ermənistanın NATO ilə hərbi təcrübələri müəyyən qədər inkişaf etmişdi. Azərbaycana gəldikdə isə, xüsusilə Qarabağ zəfərindən sonra komando hərbi birliklərinin yaradılması və burada Türkiyə təcrübəsindən - dolayısı ilə də Türkiyə vasitəsilə NATO təcrübəsinin Azərbaycan ordusuna gətirilməsi prosesi aktivləşmişdi.
Eyni zamanda Azərbaycan NATO ilə müxtəlif ikitərəfli görüşlər keçirir və bunlar tez-tez olmasa da, zaman-zaman baş tutur. Hər iki tərəf arasında qarşıda duran əməkdaşlıq reallıqları müzakirə olunur. Bu isə nə Rusiyaya qarşı planlaşdırılan addım deyil, nə də hər hansı başqa bir üçüncü tərəfə qarşı təxribat məqsədi daşıyır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, öz ərazisindən və imkanlarından heç bir halda bloklararası mübarizədə bir tərəfi müdafiə etmək və ya bir tərəfin addımlarını dəstəkləmək üçün istifadə olunmasına imkan verməyəcək. Azərbaycan tamamilə tərəfsiz siyasət xətti yürüdür.
Azərbaycanın NATO ilə əməkdaşlıqda məqsədi regional təhdidlərə qarşı istər bu dövlətlərdən gələn təhlükələr, istər separatçı hərəkətlər, istərsə də baş verə biləcək terror addımlarına qarşı ,  ümumi təhlükəsizlik kontekstində NATO təcrübəsini, yəni dünyanın ən yaxşı təcrübələrindən birini öyrənmək və onu praktiki olaraq Azərbaycan ordusunda müəyyən mənada tətbiq etməkdən ibarətdir.
Bu da Azərbaycanın suveren haqqıdır. Hər hansı üçüncü tərəfin bunu öz maraqlarına ziddmiş kimi təqdim etməsi və ya təhlükə kimi qələmə verməsi hüquqi baxımdan heç bir məntiqi izaha malik deyil. Azərbaycanın NATO əməkdaşlığı nə qədər genişlənə bilər sualına gəldikdə isə , Azərbaycanın NATO ilə əməkdaşlığı müəyyən səviyyədən artıq genişlənməyəcək. Çünki Azərbaycan qeyd etdiyimiz kimi, tərəfsiz ölkədir və heç bir hərbi-siyasi bloka qoşulmur. Əksinə, Azərbaycan Qoşulmama Hərəkatının aparıcı simalarından biridir və dünya siyasətində öz yerini, nüfuzunu məhz bu istiqamətdə, yəni, tərəfsizlik, bütün tərəflərlə qarşılıqlı güvən, etimad və əməkdaşlıq üzərində qurub.
Ona görə də, Azərbaycanın hər kəsə bəlli olduğu kimi , elə Rusiyanın özünə də bəlli olduğu kimi - NATO-ya və ya hər hansı başqa bir ittifaqa qoşulmaq niyyəti yoxdur. Amma zaman-zaman, əlbəttə ki, ən yaxşı təcrübələri öyrənmək lazımdır. Təkcə hərbi sahədə deyil, bütün sahələrdə hər kəs məcburdur ki, ən yaxşı təcrübələrdən xəbərdar olsun. Azərbaycan da bu prinsiplə hərəkət edir.
NATO ilə əməkdaşlıq sırf orduda olan çatışmazlıqları anlamaq, istər texniki cəhətdən, istər canlı qüvvənin hazırlığı baxımından mövcud boşluqları müəyyənləşdirmək və aradan qaldırmaq üçün bir növ təcrübə toplanması xarakteri daşıyır.
Azərbaycan-NATO əməkdaşlığı ikitərəfli və qarşılıqlı, eyni hüquqlu addımlar kontekstində davam edə bilər. Ola bilər ki, fərqli bölgələrdə birgə təlimlər də keçirilsin və Azərbaycan bu təlimlərə qoşulsun. Amma qeyd etdiyimiz kimi, bunlar heç bir halda üçüncü tərəfə yönələn addımlar olmayacaq. Əksinə, təcrübə mübadiləsi və bir tərəfin digərinə öz bilik və təcrübəsini bölüşməsi formasında həyata keçiriləcək.
Qarşıdakı səfərin əhəmiyyətinə gəlincə, düşünürəm ki, Azərbaycan tərəfi bu səfərdən ordu quruculuğundakı maddi-texniki çatışmazlıqlar və canlı qüvvənin hazırlığı baxımından mövcud problemləri öyrənmək və aradan qaldırmaq üçün istifadə edə bilər.
Azərbaycan suveren dövlətdir. Əgər onun sərhədlərində və ya sərhədləri daxilində, yaxud sərhədlərindən kənarda hər hansı bir problem və təhlükə varsa, bu təhlükələrə qarşı özünü müdafiə mexanizmləri formalaşdırmaq və tərəfdaşlar seçmək onun haqqıdır. Əgər belə problemlər varsa, bu halda Azərbaycan NATO ilə bu istiqamətdə də müzakirələr apara bilər. Çünki NATO, bütün çatışmazlıqlarına baxmayaraq, bu gün dünyada olan ən güclü hərbi-siyasi sistemlərdən biridir. Onun texniki bazası da müxtəlif dövlətlərin inkişafı fonunda xüsusilə diqqət çəkən səviyyədədir. Bu təcrübələri öyrənmək və tətbiq etmək Azərbaycan üçün həyati əhəmiyyət daşıya bilər və bu istiqamətdə növbəti görüşlərdə də müzakirələr aparılacaq. Eyni zamanda regional sabitlik məsələsi də müzakirə olunacaqdır. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından  sonra Cənubi Qafqazda bir sülh mühiti formalaşmaqdadır.
Yəqin ki, NATO rəsmiləri ilə bu məsələlər də müzakirə ediləcək. Azərbaycanın sülhpərvər mövqeyi aydın şəkildə ifadə olunacaq və buna təhlükə yarada biləcək hərbi və ya siyasi risklər nədən ibarətdir, bunlar da müzakirə mövzusu olacaq. Məsələn, Ermənistana səfərdən sonra Azərbaycana səfərin də nəzərdə tutulması, iki tərəf arasında etimad mühitinin yaradılması və mövcud hərbi risklərin sığortalanması məqsədini daşıya bilər. Bu nöqtədə Azərbaycan da öz narahatlıqlarını aydın şəkildə ifadə edəcək və həm bu narahatlıqların aradan qaldırılması, həm də mövcud çatışmazlıqların birgə həlli istiqamətində Azərbaycan-NATO görüşləri müsbət nəticələr doğura bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31