Kənar müdaxilələrə qarşı “3+3” formatı: “Regionun problemləri regionda həll olunmalıdır” – ÖZƏL

Rusiya XİN rəsmisi Mixail Kaluqin bildirib ki, Moskva Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin Kazan və Sankt-Peterburq iqtisadi forumlarında iştirakını gözləyir. Tərəflər "Şimal-Cənub" dəhlizi, regional iqtisadi layihələr və "3+3" platformasının fəaliyyətinin bərpasını müzakirə edir. Rusiya Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

"Azərbaycan məlum hadisəyə qədər Rusiya ilə bütün iqtisadi, humanitar və digər platformalarda fəal iştirak edib. Azərbaycan bütün bu forumlarda milli maraqlarını qorumaqla yanaşı, qarşılıqlı maraqların təmin olunmasına da çalışıb və daim öz maraqları çərçivəsində bu tədbirlərdə iştirak edib".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın bu forumda iştirakı ölkənin regionda hansı gücə malik olduğunu göstərir. Bu, Azərbaycanın Cənubi Qafqaz regionunda əsas oyunçu olması mesajını verir. Bilirsiniz ki, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda sakinlərlə görüşü zamanı da bununla bağlı bir sıra mesajlar vermişdi. O, Azərbaycanın regiondakı rolu, bölgədə həyata keçirdiyi siyasət və digər məsələlər barədə danışmış, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu vurğulamışdı. Bütün bunlar göstərir ki, Rusiya da regionda Azərbaycana əsas güc mərkəzi kimi baxır və Moskva Azərbaycanla iqtisadi və siyasi əlaqələrin daha da inkişaf etməsində maraqlıdır. Aprel ayında Rusiya-Azərbaycan İqtisadi Forumu keçirilmişdi. Bu forumdan sonra münasibətlərdə müəyyən istiləşmə müşahidə olunmağa başladı. Təyyarə qəzasından sonra yaranmış soyuq münasibətlər fonunda Rusiyanın kompensasiya ilə bağlı addımlar atması və digər məsələlər münasibətlərin yenidən normallaşmasına təsir göstərdi. Bunlar da həmin prosesin göstəriciləridir. Azərbaycan, bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizində əsas rol oynayan ölkələrdən biridir. Bu məsələ təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də olduqca önəmlidir və Azərbaycanın siyasi çəkisinin göstəricisi hesab olunur.

"3+3 formatının bərpasına gəldikdə isə, bilirsiniz ki, bu format Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənir. Rusiya tərəfi də bu təşəbbüsü müdafiə edir. 3+3 formatı regionda sabitliyin və təhlükəsizliyin qorunmasına, həmçinin regiondan kənar dövlətlərin burada öz maraqlarını həyata keçirməsinin qarşısını almağa yönəlmiş bir vasitədir. Azərbaycan da maraqlı deyil ki, regiondan kənar dövlətlər hansısa ölkə vasitəsilə bölgəyə daxil olub öz maraqlarını həyata keçirsinlər. Məsələn, son dövrlərdə Ermənistanda bunu müəyyən qədər müşahidə edirik. Belə ki, Avropa Birliyi, xüsusilə Fransa, Ermənistanı öz maraq dairəsinə çəkməyə çalışır və bu vasitə ilə regionda təsir imkanlarını genişləndirmək istəyir. Məhz buna görə də Azərbaycan Prezidenti 3+3 formatını irəli sürmüşdü. Məqsəd ondan ibarətdir ki, regionun problemləri region dövlətlərinə məxsusdur və bu problemləri də yalnız region ölkələri qarşılıqlı hörmət, bərabərhüquqlu münasibətlər və hər kəsin maraqlarını nəzərə almaqla həll edə bilərlər. Əgər bu format daha aktiv fazaya keçərsə, region üçün mühüm əhəmiyyət daşıyacaq. Əks halda, Azərbaycan Prezidenti belə bir təşəbbüslə çıxış etməzdi. Bu format region dövlətlərinin maraqlarını qorumaq və bölgədə sülh, sabitlik yaratmaq məqsədilə irəli sürülmüş təşəbbüsdür", - deyə siyasi şərhçi vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərində isə, məlum hadisədən sonra müəyyən qədər soyuyan münasibətlərin yenidən istiləşməsi hər iki dövlət üçün olduqca vacibdir. Azərbaycan heç vaxt heç bir dövlətlə, xüsusilə də Rusiya kimi böyük qonşu və böyük potensiala malik bir ölkə ilə soyuq münasibətlərdə maraqlı olmayıb. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin yaxşı olmasının tərəfdarıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, münasibətlər 2022-ci ildə imzalanmış strateji müttəfiqlik haqqında bəyannamənin ruhuna uyğun şəkildə inkişaf etməlidir. Həmin sənəddə də qeyd olunur ki, tərəflər bir-birinin milli maraqlarını nəzərə almalıdır. Azərbaycan və Rusiya arasında münasibətlərin yaxşılaşdırılması iqtisadi və siyasi baxımdan hər iki dövlətin maraqlarına xidmət edir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31