MEDİA-nın dəyirmi masasında Prezident İlham Əliyevin sülh strategiyasının əhəmiyyəti vurğulanıb- ÖZƏL
15:12 SiyasətL
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli açıb. O bildirib ki, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin doğum günündə Zəngilanda keçirdiyi görüş mühüm mesajlarla yadda qalıb.
Natiq Məmmədli qeyd edib ki, Azərbaycanın əldə etdiyi qələbənin yalnız hərbi deyil, həm də böyük mənəvi əhəmiyyəti var. Onun sözlərinə görə, Azərbaycan regionda yeni sülh modeli formalaşdırıb və bu model beynəlxalq müstəvidə də diqqətlə izlənilir.
O vurğulayıb ki, bu gün dünyanın aparıcı siyasi liderləri sülhdən danışır və Prezident İlham Əliyevin çıxışları təkcə yerli mediada deyil, beynəlxalq mediada da maraqla qarşılanır.
Natiq Məmmədli çıxışında Azərbaycan mediasının da sülhün təbliğində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, milli media sülhün əsas göstəricilərindən birinə çevrilməli, cəmiyyətdə sabitlik və həmrəylik mesajlarını gücləndirməlidir.