Dünya qan çanağına dönür

Yeni düzən hələ çox "su aparacaq"

Müasir dünyada, hər gün demək olar ki, yeni siyasi hadisələr baş verir. Dövlətlərarasi müharibələr, çevrilişlər, hakimiyyət dəyişiklikləri günümüzün reallığına çevrilib. Sözsüz ki, baş verənlər dövlətlərin idarə olunmasında yeni baxışlar, yeni nəzər nöqtələri yaradır. Reallıq isə ondan ibarətdir ki, dünyanın qan çanağına dönməsi heç də təsadüfi proseslərin nəticəsi deyil. Dünyanın yeni düzənini yaratmaq istəyində olan böyük güc mərkəzlərinin həyata keçirdikləri düşünülmüş siyasət baş verənləri zəruri edir. Üstəlik, işğalçılıq siyasətlərinin mahiyyətini gizlədərək  bəşəriyyəti bu prosesin yedəyində getməyə sövq edirlər. Ancaq hamıya bəllidir ki, dünyada super güclərin mütləq hakimiyyətini bərpa etmək niyyətində olanlar vahid beyin mərkəzləri tərəfindən idarə olunurlar. Buna baxmayaraq dünyada daha çox iqtisadi divident ələ keçirmək istəyində olan iri dövlətlərin mübarizə yolları fərqlənir. Elə bu səbəbdən də müharibə, yeni torpaq iddiaları, iqtisadi potensiala malik olan zəif dövlətlər üzərində hökmranlıq maraqlarının toqquşmasının şahidi oluruq. 
Alyaska görüşündən sonra Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi ətrafında müzakirələr davam etdiyi bir dövrdə Rusiyanın Polşaya hücum etməsi heç də təsadüfi hesab edilə bilməz. Əslində Rusiyanın Polşaya hücumunun iki məqsədi görünür: Birincisi, bunu "yoxlama atışı" kimi qiymətləndirmək olar. Ukrayna ətrafında "müharibə və müzakirə" mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağa çalışır. İkincisi, bu, Ukraynanı dəstəkləyən Avropaya "müharibə arealının genişləndirilməsi" təhdididir. Məsələyə NATO-nun müdaxiləsi isə Rusiyanın Avropaya təhdidi kimi qiymətləndirilir. Bu hücumu həm də NATO Baş katibinə cavab kimi də qiymətləndirmək olar. Alyansın Baş katibi "Putinin gücünü çox ciddiyə almamağı" tövsiyə etmişdi. Görünür, Putin Polşaya - NATO bölgəsinə hücumla gücünü nümayiş etdirir.
Eyni zamanda Yaxın Şərqdə də münaqişələr alovlanaraq İsrail tərəfindən Qətərin paytaxtı Dohaya hücum olub. Son məlumata görə, hücum zamanı Qətər Daxili İşlər Nazirliyinin əməkdaşı da daxil olmaqla 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb. İsrail paytaxt Dohaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Baş nazir Benyamin Netanyahunun Ofisindən bildirilib ki, İsrail hücumu başladı, İsrail onu idarə etdi və İsrail bütün məsuliyyəti öz üzərinə götürür. Qətər bu hava hücumunu "bütün beynəlxalq qanun və normaların açıq pozulması" kimi qiymətləndirərək sərt şəkildə qınayıb. İngiltərə Baş Nazirliyindən verilən açıqlamada isə Qətərin əvvəlcədən xəbərdar edilmədiyi vurğulanıb, yalnız ABŞ-ə xəbərdarlıq məqsədilə məlumat verildiyi, lakin tam razılaşdırılmadığı bildirilir. Ümumiyyətlə Qətər tərəfindən verilən rəsmi açıqlamalardan da aydın görünür ki, rəsmi Doha bu cür iddiaları "tamamilə əsassız" olaraq rədd edir".
 Bu arada Nepalda hakimiyyətin devrilməsi dünya gücləri arasında davam etməkdə olan mübarizənin hələ çox su aparacağına işarədir. Nepalda hökumətin Feysbuk, "X" (Twitter) və Yutub da daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı ölkədə ciddi iğtişaşlara səbəb olub. Hadisələrin miqyası qısa zamanda böyüyüb, etirazların motivi dəyişib və proses nəzarətdən çıxıb. Etirazçılarla polis arasında şiddətli toqquşmalar yaşanıb. Nəticədə 22 nəfərin öldüyü, 500-dən çox insanın xəsarət aldığı bildirilir. Etirazçılar parlament binasını yandırıb. Nepalın maliyyə naziri Bişnu Prasad Paudel etirazlar zamanı hücuma məruz qalıb. Sabiq Baş nazirin həyat yoldaşı isə etirazçılar tərəfindən öldürülüb. Prezident Ram Çandra Paudel və Baş nazir Kxadha Prasad Şarma Oli iğtişaşlar fonunda istefa verib. Onlar ordu tərəfindən Katmandudan təxliyə edilib. Sheetal Niwas hökumət sarayı isə yanğın nəticəsində tamamilə məhv olub. Nepalda baş verən iğtişaşlar, ilk baxışda lokal xarakterli və sırf daxili səbəblərlə izah oluna biləcək hadisə kimi görünə bilərdi. Amma etirazların motivi, hərəkətverici qüvvəsi və yayılma potensialı bu prosesi daha diqqətəlayiq edir. Yaranmış vəziyyət göstərir ki, söhbət təkcə sosial media məhdudiyyətindən getmir. Bu, uzun müddət yığılıb qalmış sosial, iqtisadi və siyasi narazılıqların üzə çıxmasıdır. Qadağa bu narazılıqları partlatmağa səbəb olan son damla oldu.
Siyasi analitiklər hesab edirlər ki, Nepal kimi avtoritar və ya yarıavtoritar ölkələrdə inqilablar bir anda baş vermir. Bu cür dərin və sürətli radikallaşma yalnız daxili səbəblərlə izah olunsa da, hadisələrin arxasında "pərdəarxası oyunçular"ın mövcudluğu istisna deyil. Tarixə nəzər yetirdikdə oxşar ssenarilərlə Qərbin, xüsusilə ABŞ-ın müxtəlif ölkələrə müdaxilə etdiyini görmək mümkündür. "Rəngli inqilablar", "yumşaq güc" siyasəti və informasiya texnologiyaları üzərindən yönləndirilən gənclər hərəkatları son 20 ildə Qərbin əsas siyasi alətlərindən birinə çevrilib. Ərəb Baharı, Gürcüstandakı Qızılgül İnqilabı, Ukraynada Maydan hərəkatı və digər analoji proseslərdə oxşar modellər müşahidə olunub. Sosial media vasitəsilə təşkilatlanan gənclər, "azadlıq" və "ədalət" çağırışları ilə küçələrə çıxır, köhnə siyasi elita və quruluşlar tənqid edilir, nəticədə isə siyasi sistem dəyişir.
Məsələ orasındadır ki, sadaladığımız üç siyasi hadisənin təhlili deməyə əsas verir ki, baş verənlərin   həm də region və qonşu dövlətlərə təsiri qaçılmazdır. Bunu dərk edən dövlətlərin öz təhlükəsizliyini təmin etməkdən ötrü müvafiq addımlar atacaqları gözləniləndir. Bu isə proseslərə əlavə dövlətlərin müdaxiləsi, yaxud, cəlb olunması kimi qiymətləndirilməlidir. Mövcud proseslərə cəlb olunan dövlətlərin sayının artması isə yeni münaqişə ocaqlarının yaranmasına səbəb ola bilər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31